İqtisadi inkişafda innovasiyaların rolu

Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” adlı respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət təsini göstərir. O, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

 

“Azərbaycan Respublikasında innovasiya yönümlü iqtisadi inkişaf modelinə keçidin zəruriliyi və davamlı inkişafın təmin edilməsinin əsas prinsipləri” mövzusunda danışan  iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov qeyd edib ki, innovasiya termini elmi-texniki inkişaf, keyfiyyəti artırmaq və mövcud sistemi daha da təkmilləşdirmək mənasını ifadə edir. Yeni ideyaların, təkliflərin, elmi-texniki inkişaf nəzəriyyələrinin praktiki tətbiq edilməsinin kompleks həyata keçirilməsi prosesi olan innovasiya əsaslı iqtisadiyyat dövrünün ən dinamik və gəlirli istiqamətlərindən sayılır.

 

İqtisadiyyat üzrə fəlsəfə doktoru, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Təbriz Yadigarov “Dəniz nəqliyyatının iqtisadi artıma təsirinin qiymətləndirilməsi” mövzusundakı çıxışında bildirib ki, dünyanın mühüm qlobal problemlərindən olan qədim İpək yolunun bərpası və Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb kimi iki böyük nəqliyyat qovşağında yerləşməsi Azərbaycanda dəniz nəqliyyatının inkişafını şərtləndirir. Belə ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin üç böyük marşrutlarından biri  Transxəzərdir ki, onun fəaliyyəti də birbaşa dəniz nəqliyyatı ilə əlaqədardır.

 

Sənaye 4.0 və onun iqtisadi inkişafa təsiri mövzusunda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova vurğulayıb ki, dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Schwab işlədib.  Diqqətə çatdırılıb ki, digital adlandırılan dördüncü sənaye inqilabı bütün sahələrdə insanların rolunu minimuma endirəcək. Sənaye 4.0 dövründə robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində: menecment, İT, robotlaşma, mühəndislik, elektroenergetika, marketinq və satışda yeni imkanların yaranması ilə müşayiət olunacaq. Bu sənaye inqilabında rəqabətə tab gətirmək üçün innovasiyaların tətbiqinin vacibliyi qeyd edilib.

 

Sonda plenar iclasın iştirakçılarına rektor tərəfindən sertifikatlar təqdim edilib.

 

Konfrans İnnovasiya yönümlü iqtisadiyyat, İqtisadiyyat və idarəetmə, Xarici iqtisadi əlaqələr və innovasiya adlı bölmə iclasları ilə davam edib.



02.03.2020 | 17:49