Qəbələdə aparılan arxeoloji tədqiqatlar Oksford Universitetindəki müzakirələrdə

Böyük Britaniyanın Oksford Universitetində Cənubi Qafqazda Arxeoloji Tədqiqatlar Forumu keçirilib.

 

Forumda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli “Qəbələnin Səlbir yaylasında aparılan yeni arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib.

 

Alimin çıxışında Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyasının son illərdə apardığı tədqiqatların nəticələrindən bəhs olunub. C.Eminli Qafqaz Albaniyası və onun paytaxtı olmuş Qəbələ haqqında ətraflı məlumat verib.

 

Azərbaycanı forumda həm də  Birminhem Universitetinin doktorantı Nərmin İsmayılova təmsil edib və “Azərbaycanda Erkən tunc dövrü yaşayış məskənləri” mövzusunda çıxış edib.

 

Məlumat üçün bildirək ki, Oksford Universiteti, Gürcüstanda Akademik Tədqiqatların Dostu Fondu və Cənubi Qafqaz üzrə Amerika Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən bu forumun əsas missiyası Cənubi Qafqazda çalışan mütəxəssisləri bir araya gətirmək, cari tədqiqatlar və potensial təşəbbüsləri müzakirə etməkdən ibarətdir.   

 



05.03.2020 | 17:24