Tələbələr üçün olimpiada

“Gələcəyə addım” devizi altında tələbələr üçün geologiya və geofizika üzrə ümumrespublika olimpiadası keçiriləcək. Olimpiadanı Azərbaycan Milli Elmlər Akademiyyası  (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alimlər və Mütəxəssislər Şurası təşkil edəcək.

 

AMEA-nın 75 illiyinə həsr olunan olimpiadanın final mərhələsi mayın 27-də olacaq. Müsabiqənin keçirilməsində məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaqdan ibarətdir.

 

Olimpiada iki mərhələdən ibarət olacaq və Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə iştirakçılardan  2 mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan və ya rus dilində, 4 A4 səhifəsindən çox olmamaq şərti ilə) hazırlamaq tələb olunur.  Qiymətləndirmədən sonra final mərhələyə yüksələn esse müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı test üsulu ilə cavablandıracaqlar. Ən yüksək bal toplayan tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib sayılacaqlar. Qaliblər mükafatlandırılacaq və finalçılar üçün palçıq vulkanına elmi ekskursiyanın təşkili də nəzərdə tutulur.

 



11.03.2020 | 16:36