UNEC-də bütün dərslər distant keçiriləcək

Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə martın 12-dən UNEC-də bütün dərslər distant formada təşkil ediləcək.

 

Tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edəcək.  Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınacaq. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır.

 

Müəllimin distant formada keçdiyi mühazirə avtomatik olaraq videoarxivləşdiriləcək və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

 

Distant təhsil müddətində Qaynar xətt (1846) və Call center (1846-1- 1501; 1846-1-1502) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yarana biləcək suallar UNEC Distant Facebook (facebook.com/unecdistant) səhifəsi üzərindən və [email protected] e-ünvanından operativ cavablandırılacaq.

 

Distant tədris müddəti Nazirlər Kabinetinin müəyyən etdiyi dövrü (2020-ci ilin mart ayının 10-dan 20-dək) əhatə edəcək.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

 



11.03.2020 | 17:15