Qətərin səfiri Şərqşünaslıq İnstitutunda olub

Qətərin Azərbaycandakı səfiri Feysəl Abdulla əl Henzab  AMEA-nın  Şərqşünaslıq İnstitutunda olub.

 

Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva qonağa  Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açıb, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Akademik  institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlar, nəşr olunan kitablar haqqında danışıb,  ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

 

Feysəl Abdulla əl Henzab Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib,  Qətərin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd edib.

 

Daha sonra Feysəl Abdulla əl Henzab institutun əməkdaşları ilə görüşüb. Səfir Qətər – Azərbaycan əlaqələrindən danışıb və şərqşünasları maraqlandıran sualları cavablandırıb.



12.03.2020 | 10:05