İngiltərəli alimin Naxçıvan ərazisindəki tədqiqatları

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri  Səfər Aşurov və şöbənin bir neçə  əməkdaşı  Naxçıvanda elmi ezamiyyətdə olub.

 

Ezamiyyətin məqsədi Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Qvendolin Maurer tərəfindən I Maxta yaşayış yerində aparılan qazıntılar zamanı əldə edilən heyvan sümüklərinin elmi təhlilinin birgə aparılması idi.

 

İnstitutdan verilən məlumata görə, ezamiyyətin ilk günündə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri  Vəli Baxşəliyev tərəfindən bölmənin fəaliyyəti, Naxçıvanda son illərdə aparılan arxeoloji qazıntılar barədə məlumat verilib, ingiltərəli tədqiqatçıya bu haqda kitablar təqdim edilib.  Naxçıvantəpə və I Kültəpə abidələrinə, Möminə Xatun və Yusif ibn Küseyr türbələrinə, qədim Naxçıvan şəhər yerinə baxış keçirilib, İngiltərədən olan mütəxəssisə Naxçıvan memarlıq məktəbi barədə məlumat verilib.

 

Tədqiqatçı II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Qızqala, I Maxta abidələrində də olub. “I Maxta ekspedisiyası”nın rəhbəri Səfər Aşurov, ekspedisiyanın üzvü F.Əliyeva I Maxta yaşayış yerinin xüsusiyyətləri haqqında Q.Maurerə məlumat veriblər. Artefaktlarla tanış olan qonaq mütəxəssisi olduğu sahə üzrə abidədən aşkar edilərək toplanılan heyvan sümüklərini ilkin tədqiqata cəlb edib.

 

 



16.03.2020 | 17:30