UNEC-in distant tədrislə bağlı təcrübəsinə maraq

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris edilən distant dərslərin təşkili prosesi ilə tanışlıq üçün adıçəkilən ali məktəbdə olub.  

 

Məqsəd hər iki universitet arasında distant və onlayn təhsillə bağlı təcrübə mübadiləsinin aparılmasıdır.  “UNEC Ekstern”də tədris olunan distant dərsləri müşahidə etməzdən əvvəl rektor V.Vəliyev tibbi profilaktik müayinədən keçirilib.

 

UNEC rektoru Ədalət Muradov “UNEC Ekstern”nin fəaliyyəti haqqında məlumat verdikdən sonra hər iki rektor distant dərs prosesini izləyib. V.Vəliyev UNEC-də tətbiq olunan distant tədrisi yüksək qiymətləndirib. Bildirib ki, AzTU-nun elektron təhsil sistemi də distant texnologiyalar əsasında dərslərin əksəriyyətinin keçirilməsinə imkan verir.  AzTU rektorunun sözlərinə görə, hər bir tələbənin öz kabinetinə daxil olaraq fənnlər üzrə elektron təhsil materialları ilə (mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələri yerinə yetirmək üçün tədris vəsaitləri, video dərslər, animasiyalar və s.) tanış olması mümkündür.

 

Görüşdə UNEC-in distant təhsillə bağlı təcrübəsinin AzTU-da tətbiqi məsələsi də müzakirə olunub.  



17.03.2020 | 16:26