İqtisadiyyat Nazirliyinin lisenziyasını alan qida elementli gübrələr

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda yaradılan, AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti İNKOR MMC ilə birgə istehsal texnologiyası mənimsənilmiş “Azofos” və “Azofos K” gübrələrinin istehsalı üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xüsusi lisenziyası verilib (İN/L-106/2020, 16 mart 2020).

 

İNKOR MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən gübrə təhcizatçısı kimi qeydə alınıb və “Azofos” və “Azofos K” gübrələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində mineral gübrə siyahısına əlavə edilib.

 

Qeyd edək ki, “Azofos K” gübrəsi 2019-cu ildə Az-Qranat MMC-nin 28 hektar üzüm bağında və 290 hektar nar bağında istifadə edilib. Nar bağının hər hektarına 110 kq “Azofos K” gübrəsi istifadə olunub və hər hektardan 5 ton artıq nar götürülüb.  Bütövlükdə 290 hektar nar bağından 1450 ton artıq nar əldə edilib. Əlavə götürülən narın ümumi dəyəri 725 min manat təşkil edib.

 

28 hektar üzüm bağının hər hektarına 214 kq “Azofos K” gübrəsi verilib və hər hektardan əlavə olaraq 9 ton üzüm götürülüb. Ümumilikdə gübrənin istifadəsi sayəsində 253 ton əlavə üzüm əldə edilib ki, onun da ümumi dəyəri 226800 manat olub.

 

Qeyd etmək lazımdır ki, “Azofos K” gübrəsi İsrailin Hayfa Chemikal şirkətinin gübrəsi istifadə olunduğu hala nəzərən üzümün şəkərliliyinin ən azı 2% artmasını təmin edir (şəkərlilik 22-24% arasında olur).

 

Ümumilikdə 290 hektar nar və 28 hektar üzüm bağına 50600 manat dəyərində “Azofos K” gübrəsi istifadə olunub və nəticədə 951800 manat dəyərində əlavə məhsul götürülüb.

 

Məlumat üçün bildirilib ki, “Azofos K” gübrəsi pambıq, buğda, arpa, qarğıdalı, yonca bitkilərinin becərilməsində də sınaqdan uğurla keçib.

 

“Azofos” və “Azofos K” gübrələrinin geniş sahə sınaqlarının keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin əksər institutları yaxından iştirak edib.

 

İnstitutdan bildirilib ki, “Azofos” və “Azofos K” gübrələri müstəqil Azərbaycanda istehsalı təşkil olunan ilk iki (N, P) və üç (N, P, K) qida elementli gübrələrdir.



18.03.2020 | 15:38