ADNSU-da onlayn tədrisin əhatə dairəsi 90%-ə çatır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tədris prosesinin dayandırılması ilə əlaqədar olaraq martın 29-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn təhsilə başlanılıb və bununla bağlı “qaynar xətt” təşkil olunub.

 

Universitetdən verilən məlumata görə, bu günə qədər “qaynar xəttə” yüzdən artıq zəng daxil olub. Müraciətlər əsasən onlayn təhsil, internet əlaqə, loqin və parolun istifadəsi ilə bağlı texniki problemləri əhatə edib. Bildirilib ki,  ADNSU-da “qaynar xətt” hər gün saat 08:30-dan 18:00-dək fəaliyyətini davam etdirir. Müraciət edənlərin sualları cavablandırlır və problemlərin həlli istiqamətində  yardım göstərilir.

 

ADNSU -nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına  görə isə, universitet üzrə bakalavr pilləsində əyani şöbədə 10662, qiyabi şöbədə 317, magistratura səviyyəsində isə 1328 nəfər tələbə onlayn tədris prosesinə cəlb edilib.

 

Qeyd edək ki, dərslər mühazirə və məşğələ formatında aparılır (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında təşkil olunub). Onlayn tədrisin əhatə dairəsi günlərdən asılı olaraq 82-88% təşkil edir.

 

 



03.04.2020 | 12:36