"Gələcəyin alimləri" mövzusunda tələbələrin V Respublika virtual elmi konfransı

Bakı Dövlət Universitetində (BDU) fizika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Gələcəyin alimləri” mövzusunda tələbələrin V Respublika virtual elmi konfransı öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev Azərbaycan ərazisində koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün effektiv tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

 

E.Babayev universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamağın vacibliyini də bildirib.

 

Hazırkı çətin şəraitdə belə konfransların keçirilməsinin  əhəmiyyətinə diqqət çəkən fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov fakültənin elmi uğurlarından, yüksək indeksli nüfuzlu jurnallarda çap olunma fəallığından,  Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən söz açıb.

 

Konfransa daxil olan materiallar barədə məlumat verən fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri, dosent Arif Orucov bildirib ki, konfransda 120-dən çox tezisin müzakirə olunması, o cümlədən plenar iclasda 8 iş, 4 bölmədə isə 112 işin məruzə edilməsi nəzərdə tutulur.

 

Fizika fakültəsinin magistrantı Nigar Gözəlova  “Gümüş nanohissəciklərinin naftalan neftinin fotolüminsensiya xassələrinı təsiri” adlı təqdimatla çıxış edərək, böyük müalicəvi əhəmiyyətə malik naftalan neftində müalicə zamanı mikrob və bakteriyaların məhv edilməsi məqsədi ilə gümüş nanohissəciklərin əlavə olunması nəticəsində onun naftalan neftində yaratdığı dəyişiliklərin fotolüminsensiya üsulu ilə tədqiqi və spektrdəki dəyişilikləri barədə məlumat verib.

 

Daha sonra magistrant Möhsün Əlizadə “Protonların yüksək enerjili virtual bozonla toqquşması zamanı neytrino cütlərinin yaranması” adlı məruzə ilə çıxış edib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan konfransda BDU ilə yanaşı, pespublikanın digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edib.

 

Qarşılıqlı disskusiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

 



13.05.2020 | 16:35