Bilik yarışının IV mərhələsi onlayn keçirilib

Bakı məktəbliləri arasında təşkil olunan “Gənc istedadlar" breyn-rinq bilik yarışının IV mərhələsi onlayn şəkildə keçirilib.

 

Bilik yarışının bu mərhələsində paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvləri iştirak ediblər. Yarışın bu mərhələsində şagirdlər Azərbaycanın milli rəqsləri, qoruqlar, ədəbiyyat və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin komandası digər komandalardan üstün olub.

 

Qeyd edək ki, yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviqi, şagirdlərin müxtəlif sahələr üzrə istedad, dünyagörüş və intellektual səviyyəsinin üzə çıxarılması məqsədi ilə təşkil olunub. Həmçinin şagirdlərdə müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqların aşkar edilməsi də yarışın əsas hədəflərindəndir.

 

“Gənc istedadlar" breyn-rinq bilik yarışı artıq 3 ildir davam edir. Gələn ay da sözügedən məktəblərdə müxtəlif mövzular üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

 

Yarışın bütün mərhələləri üzrə komandaların topladığı ballar hesablanaraq sonda qalib komanda seçiləcək.

 

 



15.05.2020 | 18:43