Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Mayın 22-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib. 

 

"Microsoft Teams" platforması üzərindən təşkil edilən onlayn iclasda Təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman liseyləri, uşaq-gənclər idman və şahmat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları iştirak ediblər. 

 

Videokonfransda nazir müavini Firudin Qurbanov ölkəmizdə COVİD-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən atılan addımların əhəmiyyətindən danışıb. Firudin Qurbanov daha sonra verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Nazir müavini mart ayından başlayaraq məktəbdənkənar təhsil müəssisələrində tədrisin məsafədən təşkili və bu məqsədlə istifadə edilən "Microsoft Teams", eləcə də digər onlayn platformalara bugünədək minlərlə şagirdin qoşulması və hazırda prosesin davam etdirilməsi barədə danışıb. Bundan əlavə uşaq və gənclərin fiziki, həmçinin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə bir sıra yerli və beynəlxalq səviyyəli onlayn yarış, müsabiqə, virtual sərgi və digər tədbirlərin həyata keçirildiyi, hazırda da bir sıra müsabiqələrin davam etdiyi qeyd edilib. 

 

Nazir müavini konfrans iştirakçılarına şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlbi, təlim-tərbiyə prosesinin təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020-ci tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid və buraxılış normativlərinin qəbulu ilə bağlı müvafiq təkliflərin hazırlanmasına dair tövsiyə və tapşırıqlarını verib.

 

Görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələr, növbəti tədris ilinin təşkilinə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib.

 

 



22.05.2020 | 18:18