MEK-in onlayn viki-təlimlərində fərqlənənlər təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) vikipediya təlimlərində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Diaspor könüllüləri ilə görüş keçirilib.

 

MEK-in direktoru Sevil Zülfüqarova kitabxanada keçirilən onlayn vikipediya təlimlərinin məqsədindən söz açıb. Vikipediyada məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiyini deyib.

 

MEK rəhbəri ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını, kitabxananın  təşkilatçılığı ilə təlimlərə qoşulan  könüllülərin də bu prosesin fəal üzvləri olduğunu qeyd edib. O, diaspor könüllülərinin vikipediya hərəkatına böyük dəstək və töhfə verdiyini söyləyib. Onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyini diqqətə çatdırıb.

 

Könüllülər də öz növbəsində fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Könüllülük fəaliyyətinin onların bilik və bacarıqlarının inkişafında, gələcək kadr kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

 

Sonda könüllüləri təbrik edən S.Zülfüqarova Vikipediyanın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə xüsusilə fərqlənən Mehman Məhərrəmov, Məzahim Əzimov, Rəhiməxanım Mürşüdlü, Aişə Bağırova, Arzu Rişanova və başqalarına sertifikatlar təqdim edib.

 



03.06.2020 | 17:21