Peşənin adı jurnalist

Dünyanın əksər ölkələrində jurnalist peşəsi ciddi nüfuza malikdir. Hər yerdə - qardaş Türkiyədə, Rusiyada, Qərbdə və Cənub-Şərqi Asiyada, Amerikada da belədir. Bunun əsas səbəbi odur ki, jurnalist peşəsinin daşıyıcısı əməli fəaliyyətə başlamadan öncə çoxsaylı “süzgəc”lərdən keçməlidir. Keçə bilmədisə, məlumdur ki, ondan jurnalist olmaz. Yox, keçməyə müvəffəq oldusa, bu “süzgəc” onun peşəkar jurnalist kimi yetişməsində başlıca rol oynayır.

 

Hansı “süzgəc”lərdən söhbət gedir? Əlbəttə, ilk növbədə ali məktəblərdən. Sonra isə jurnalistə işə başlamaq üçün vizit kartı verən müxtəlif qurumlardan. Bir də təbii ki, jurnalist işləyəcək şəxsin özündən: o, daima təkmilləşməli, nəzəri biliklərini artırmalı, informasiya bazasını yeniləməlidir. Ötən sayımızdakı yazımızda qeyd etmişdik ki, əslində, jurnalist digər peşə sahiblərinin hamısından çox bilməlidir. Beynəlxalq problemlərdən yazan xarici siyasətdən xəbərdar olmalıdır, sənayeni işıqlandıran müvafiq olaraq texniki fənlərdən baş çıxarmalıdır, idman sahəsinin jurnalisti isə idmançı olmasa da, hər halda məsul olduğu sferanın bütün detallarından agah olmalıdır. Bu baxımdan gəlin görək, inkişaf etmiş ölkələrdə bu sistem necə qurulub və fəaliyyət göstərir.

 

Jurnalist olmaq istəyən Sənaye - Ticarət Palatasından sertifikat alsın

 

Böyük Britaniyada jurnalistika peşəsinə aid tədris proqramlarının akkreditasiyası ilə Jurnalistlərin hazırlanması üzrə Milli Şura (National Council for the Training of Journalists - NCTJ) və Teleradio Jurnalistlərinin hazırlanması üzrə Şura (Broadcast Journalism Training Council - BJTC) məşğul olur.

 

“Skillset” tədris proqramı olduqca populyardır. Bu proqram Yayım sənayesinə mütəxəssis hazırlığı üzrə Şuraya məxsusdur. “BBC Training” proqramı bir çox jurnalistin təcrübə və ixtisaslaşma əldə etməsinə, peşədə ilk addım atmasına ciddi yardım edib və edir. Dövri mətbuat işçilərinin Assosiasiyası nəzdində Dövri mətbuat mütəxəssislərinin hazırlığı üzrə Şura fəaliyyət göstərir. Professional sertifikatlaşdırma sistemi - “National Vocational Qualification” mövcuddur. Jurnalistlərin hazırlanması sahəsindəki araşdırmalarla isə Elmi və texniki Kommunikasiyalar İnstitutu (The Institute of Scientific and Technical Communications) məşğuldur.

 

Britaniyada peşəkar təhsil haqqında sertifikatlar Sənaye-Ticarət Palatası və Kral İncəsənət Cəmiyyəti tərəfindən verilir. İmtahanlara hazırlıq isə Pitman İnstitutu (Pitman’s Examinations Institute) tərəfindən həyata keçirilir. Peşəkar hazırlıq proqramlarını “Reed Business Publishing”, “Morgan-Grampian”, IPC, EMAP, “Haymarket” kimi tanınmış nəşriyyatlar təklif edirlər. “Reuters”də ixtisasartırma kursunu keçmək yaxşı jurnalist olmaq üçün lazım olan uzun yolun yarısını qət etmək anlamına gəlir. Ancaq bütün bunların əvvəlində təbii ki, ali təhsil durur.

 

Kolleclərə daxil olarkən abituriyentlər adətən müsahibədən keçməli olurlar. Media texnologiyaları üzrə ixtisaslaşmış “Barnsley College”in məzunlarının 50%-i təhsillərini aralarında françayzinq anlaşması olan “Leeds Metropolitan University”də davam etdirir. Hər bir kollecin özünün ixtisaslaşmış proqramları var. Məsələn, “London College of Fashion” dizayn və moda jurnalistikası üzrə məşhurdur.

 

Britaniya universitetləri üzrə bələdçidə “KİV və kommunikasiyalar” sahəsində mütəxəssis hazırlayan 60-dək təhsil ocağının adı var. İlk “onluq”da bu ali məktəblər qərarlaşıblar: Şərqi İngiltərə Universiteti (East England), Lafboro Universiteti (Loughborough), “Royal Hol-loway” Universiteti, Varvik Universiteti, Qoldsmit Kolleci (Goldsmiths College), Lids Universiteti, Şeffild Universiteti, London Vestminster Universiteti, Sasseks Universiteti, Lankşir Mərkəzi Universiteti (Central Lancashire).

 

Söylə hansı universiteti bitirmisən, deyim kimsən

 

1935-ci ildə Fransa parlamentində jurnalistlərin peşəkar statusuna dair qanun qəbul edilib. Jurnalistlərin fəaliyyəti hazırda məhz bu qanunla tənzimlənir. Hər hansı müzakirəsiz qəbul edilən qanun bu sahədə bir ilk olub. Bu qanuna görə, Fransada jurnalist o şəxsə deyilir ki, o, hər hansı dövri mətbuat orqanında və ya Fransa informasiya agentliyində daimi, nizamlı və ödənişli işdə işləyir (söhbət 1935-ci ilə olan vəziyyətdən gedir-müəll). İlk olaraq qəzet sahibləri, həmkarlar və jurnalistlərin iştirakı ilə paritet əsasda təşkil olunmuş Komissiya jurnalistləri vəsiqələrlə təmin edib. 1974-cü ildən etibarən jurnalist vəsiqələri ştatdankənar müxbirlərə də verilib. Habelə jurnalistin tərifində də dəyişiklik edilib. Belə ki, jurnalist həm də “aktual hadisələrlə bağlı intellektual fəaliyyət göstərən” şəxsdir.

 

Fransa ali təhsil sisteminə görə, tələbə iki ildən sonra diplom əldə edir. Sonra istəsə başqa ali məktəbə keçə, təhsilini elə burada davam etdirə, yaxud dayandıra bilər. Təhsilini davam etdirəcəyi tədqirdə bir ildən sonra daha bir diplom əldə etmiş olur. Əsas odur tədris planı uğurla yerinə yetirilsin. Hazırda Fransada ali məktəbə daxil olmaq ciddi rəqabət deməkdir. Bir çox halda orta məktəblərdə əldə edilən savad ali məktəbə daxil olmaq üçün kifayət etmir. Ona görə də gənclər 1-2 illik xüsusi hazırlıq kursu keçirlər.

 

Ali məktəblər özlərinin tədris proqramlarını tələbənin gələcək peşəkar fəaliyyətinə görə tərtib edir. Adətən işə qəbul olunmaq istəyən şəxs bir yox, bir neçə diplom təqdim edir. Bəzi hallarda işə qəbul prosesində işəgötürənin qərarında bu diplomları verən ali məktəbi tanıyıb-tanımaması başlıca rol oynayır. Fransa  universitetlərinin nəzdində onlarla ali təhsil ocağı fəaliyyət göstərir. Bunların sırasında Jurnalistlərin Kollektiv Müqaviləsi tərəfindən tanınan və jurnalistləri hazırlayan təhsil ocaqları var. Jurnalistlər başqa təhsil ocaqlarında da hazırlanır, ancaq işə qəbul prosesində məhz komissiya tərəfindən tanınanların məzunlarına üstünlük verilir. Məsələn, hətta iş təcrübəsi tələbi 24 aydan 12 aya endirilir.

 

KİV üçün kadrlar hazırlayan ali məktəblərin arasında özəlləri də var. Məsələn, Lill Ali Jurnalistika Məktəbi 1924-cü ildə yaradılıb, Paris Jurnalist Hazırlığı Mərkəzi isə 1946-cı ildə. Paris, Marsel, Tuluza, Strasburq, Nitsada da belə məktəblər var. 2004-cü ildən etibarən Siyasi Araşdırmalar İnstitutu jurnalistlərin hazırlanmasına başlayıb. Bu, digər məktəblərin narahatlığına səbəb olub. Çünki nüfuzlu KİV orqanları tərəfindən jurnalistlərin hazırlanması və ixtisasartırmasına ayrılan vəsait uğrunda rəqabət daha da kəskinləşir.

 

Öncə mədəniyyət

 

Almaniyanın 23 universiteti və ali təhsil ocağında jurnalist hazılığı prosesi gedir. Kadrların hazırlanmasına iki yanaşma mövcuddur: nəzəri-praktiki (elmi, universitet) və praktiki (jurnalistika məktəblərində).

 

UNİVERSİTET MODELİnə görə, publisistika və jurnalistika institutları üçün araşdırmaçı və təcrübəçi-jurnalistlər hazırlanır. Struktur baxımından bu yanaşma iri universitetlərə aiddir. Məsələn, Dortmund Universitetinin Jurnalistika İnstitutu Kulturologiya fakültəsinin bir sahəsidir. Münsterdəki Publisistika İnstitutu Fəlsəfə, Mayntsdakı Publisistika İnstitutu isə Sosiologiya fakültəsinə bağlıdır.

 

Təşkilati forma kimi adlar da fərqlidir: Erlanger-Nyunberq Universitetində - Sosial Elmlər İnstitutunun Kommunikasiya və siyasi elmlər kafedrası, Drezden Universitetində isə Kommunikasiya elmləri İnstitutu.

 

VOLONTARİAT MODEL Almaniya reallığı üçün daha yayılmış formadır, çünki jurnalistika peşəsinə yiyələnməyin ən kütləvi yoludur. Jurnalistika fəaliyyətinə həvəsi olan ümumtəhsil məktəblərinin məzunları iki il ərzində KİV orqanlarında təcrübə keçirlər, bundan sonra isə bu sahədə işləməyə çalışırlar. Ancaq praktika göstərir ki, bu istiqamətdə uğur qazanmaq üçün mütləq xüsusi təhsil ocağını bitirmək, yaxud peşəkar təhsil almaq vacibdir. Bunu etməyənlərin fəaliyyəti məhdud olaraq qalacaq.

 

Müasir texnologiyaların KİV sahəsinə müdaxiləsi şəraitində keyfiyyətli və etibarlı informasiyanın əldə edilməsi üçün jurnalistə olan tələblər artır. İndi o, nəinki məlumatı əldə etməlidir, həm də bu informasiyaya lazımi “don geyindirməyi” bacarmalıdır. Başlıca tələb budur: jurnalist yüksək səviyyəli ümumi mədəniyyətə malik olmalıdır! Bu səbəbdən Qərbin jurnalistika məktəbləri tələbələrin ümumtəhsil predmetlərinə diqqətini artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atırlar.

 

Ötən əsrin 80-ci illərinədək jurnalistin təhsili onun peşəkar təcrübəsindən az əhəmiyyətli idi. Bu andan etibarən yanaşma dəyişməyə başladı - indi o, savadlı və geniş dünyagörüşlü olmalıdır. Ötən əsrin sonlarında dünyada jurnalistlərin tarix, geosiyasət, millətlərin rəngarəngliyi və çoxluğu barədə məlumatsız olmaları onlara olan inam və etibar səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdu. Axı Avropa Şurasının tarixindən xəbərdar olmayan jurnalist bu qurumun fəaliyyətini necə işıqlandıra bilər? Yaxud Formula-1 yarışlarının qaydalarını bilmədən maraqlı reportaj hazırlamaq olarmı? Mütəxəssislər hesab edir ki, məhz yüksək mədəniyyət bu qüsurların neytrallaşdırılmasına köməklik edə bilər, çünki oxucunun etimadı yayılan məlumatın dəqiqiliyi, etibarlılığı və qərəzsizliyi ilə ölçülür. Fikrimizcə, son abzasdakı qənaət milli jurnalistikamızın hazırkı durumu üçün olduqca aktualdır.

 

(Davamı gələn sayımızda)

 

Rüstəm QARAXANLI

 



25.05.2018 | 13:10