Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Hər dəfə azərbaycanlı gənclərin dünyanın  ayrı-ayrı ölkələrindən xoş sorağını aldıqca ürəyimizi fəxarət hissi bürüyür. Onların nailiyyətlərinə sevinir, onlarla qürurlanır,  uğurlarını oxucularımızla bölüşməyə çalışırıq. Onlardan biri də Çin Xalq Respublikasında “İlin ən yaxşı xarici müəllimi” adına layiq görülən Pekin Xarici Dillər Universitetinin gənc müəllimi, adıçəkilən ali təhsil müəssisəsinin Azərbaycan Dili kafedrasına başçılıq edən filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevdir. Aqşin müəllimlə söhbətimizə də elə onun ən yaxşı əcnəbi müəllim adına layiq görülməsi ilə körpü salırıq.  

 

- Çində ilin ən yaxşı xarici müəllimi seçilməyiniz münasibətilə sizi təbirk edirik.  Bu barədə məlumat verməyinizi xahiş edirik. Seçim necə aparılır və kimlər bu ada layiq görüldü?

- İlk növbədə, diqqətinizə görə təşəkkür edirəm. İnkişaf etmiş ölkələrə xas xüsusiyyətlərdən biri də odur ki, bu ölkələrdə insan kapitalı inkişafın əsas hərəkətverici qüvvəsi rolunu oynayır. Bu baxımdan, daxili insan kapitalı tələblərə tam cavab vermədiyi halda dövlət xaricdən mütəxəssislər cəlb edir. Xarici mütəxəssislərin cəlb olunması üçün Çinin xüsusi proqramları var. Çində pedaqoji və elmi sahədə minlərlə xarici mütəxəssis, alim və pedaqoqlar çalışır, onlar ölkədə elmə, təhsilə və sosial-iqtisadi inkişafa mühüm töhfələr verməkdədir.  Çin kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkə üçün bu, olduqca zəruridir. Müxtəlif sahələrdə, eləcə də elmi-pedaqoji istiqamətdə fəaliyyət  göstərən mütəxəssislər üçün mükafatlar müəyyən edilib.  2011-ci ildə təsis edilən mükafatın məqsədi xaricdən daha güclü kadrların cəlb olunması, Çinlə müvafiq ölkələr arasında daha güclü elmi, təhsil, mədəni əlaqələrin qurulması, eləcə də Çində elmi-pedaqoji fəaliyyət göstərən gənc alimlərin fəaliyyətinə stimul verməkdir. Mükafat müsabiqə formatında, Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və “Beynəlxalq istedadlar” jurnalının birgə dəyərləndirməsi əsasında həyata keçirilir. Ən yaxşı xarici müəllim üçün əsas kriteriyalar elm və təhsilə verilən töhfələr, Çin və müəllimin təmsil etdiyi ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əlaqələrin inkişafındakı xidmətləridir.

 

- Pekin Xarici Dillər Universitetində Azərbaycan Dili kafedrası yaratdınız.  Belə bir kafedranın yaradılması hansı zərurətdən irəli gəldi və hansı töhfələrini qeyd edə bilərsiniz?

- Bildiyiniz kimi, 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsü irəli sürülüb.  Özündə həm iqtisadi, həm də humanitar islahatları cəmləşdirən bu təşəbbüs Çində xarici dillərin tədrisinin inkişafına güclü təkan verib. Xarici dillərin tədrisi ilə bağlı Çinin öz qarşısına qoyduğu hədəfləri iki qrupa ayırmaq olar: birincisi, Çinin diplomatik münasibətdə olduğu bütün ölkələrin rəsmi dilləri Çinin ali təhsil ocaqlarında tədris olunmalı və öyrənilməlidir. İkincisi, “Bir kəmər, bir yol” üzərində yerləşən ölkələrin dövlət dilləri Çinin ali təhsil ocaqlarında tədris və tədqiq olunmalıdır. Bu gün, demək olar ki, Çin bu hədəfə nail ola bilib.  Xarici dil və mədəniyyətin tədrisi, tədqiqi yükünün əsas hissəsini Pekin Xarici Dillər Universiteti daşıyır. Hazırda bu universitetdə 101 dil tədris olunur ki, bu Çində birinci, dünya xarici dillər universitetləri arasında nadir hadisələrdəndir. Beləliklə “Bir kəmər, bir yol” təşəbbüsü və ya Qədim İpək Yolunun bərpası Azərbaycan dilinin Çinə səyahətinə yol açdı.

2016-cı ildə Azərbaycan dili kafedrası yaradıldı və 2017-ci il fevralın 28-də Çində ilk dəfə olaraq Azərbaycan dili üçüncü dil kimi tədris olunmağa başladı. 2018-ci ildə Azərbaycan dili ixtisasına qəbul elan edildi və ümumrespublika qəbul imtahanı vasitəsi ilə 10 tələbə bu ixtisasa qəbul olundu.

Onlar hazırda ikinci kursda təhsil alırlar. Yuxarıdakı layihələri həyata keçirmək üçün Pekin Xarici Dillər Universiteti məni dəvət edərkən bunu özüm üçün şərəfli bir iş hesab etdim və dəvəti qəbul etdim. Hazırda biz Azərbaycan dilinin tədrisi ilə kifayətlənmirik. Qeyd edim ki, bir ixtisası yaratmaq üçün, ilk növbədə,  onun maddi-texniki bazasını yaratmaq lazımdır. Tələbə qəbulunadək bir çox işləri həyata keçirdik, standartlara cavab verdiyimizi nəzərə alaraq qəbula icazə verildi. Hazırda kafedrada gördüyümüz təxirəsalınmaz işlər müvafiq dərsliklərin və lüğətlərin tamamlanması, tez bir müddətdə çinli müəllim-kadrların yetişdirilməsidir. Hazırda pandemiya şəraitində olmağımıza baxmayaraq, bu proses sürətlə davam edir. Bundan başqa, Azərbaycanın Çindəki səfirliyi, Heydər Əliyev Fondu, AMEA Ədəbiyyat İnstitutu, Xəzər Universiteti və digər təhsil və elm ocaqları, eləcə də dövlət qurumlarının dəstəyi ilə azərbaycanşünaslığın elmi yolla tanıdılması yönündə elmi məruzələr, sərgilər və digər tədbirlər təşkil etməkdəyik. Buna misal olaraq 2019-cu ildə Pekin Xarici Dillər Universitetində Nəsiminin 650 illik yubileyi münasibəti ilə təşkil olunan Azərbaycan dili və ədəbiyyatı sərgisini qeyd etmək istərdim. Azərbaycanın Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə keçirilən sərgi 15 gün davam etdi. Hazırda məni düşündürən ən vacib məsələ Pekin Xarici Dillər Universitetində Azərbaycan Mərkəzinin yaradılmasıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bunun şahidi olacağıq.

 

- Kafedrada görülən işlər və çinli tələbələrin fəallığı, dilimizə olan maraqları barədə nə deyə bilərsiniz?

- Azərbaycan dili üçüncü dil kimi tədris olunarkən 40-dan çox həvəskar tələbə iki semestr ərzində Azərbaycan dilini öyrəndi.  2018-ci ildə yaradılan Azərbaycan dili ixtisası Çində ilk hadisə idi, bu ixtisasa qəbul olan tələbələr Çinin ilk azərbaycanşünaslarıdır. Məhz bu amil onları gələcəyə daha da ruhlandırır, mövcud olan kadr boşluğunun aradan qaldırılmasında fəal rol oynayacaqlarına inanırlar. Onların məqsədləri müxtəlifdir, kimi diplomat, azərbaycanşünas-tarixçi,  mədəniyyətşünas, ədəbiyyatçı, müəllim, kimi tərcüməçi olmaq istəyir. Hansı sahədə yer alacaqlarını gələcək göstərəcək. Mənim üçün bu fərq etmir. Fərq edən odur ki, gələcəkdə onların harada olmalarından asılı olmayaraq ürəklərində Azərbaycan sevgisiylə Azərbaycanın mövqeyini təmsil olunduqları yerdə müdafiə edə bilsinlər, Çinin kamil azərbaycanşünasları olsunlar. Son məqsəd məhz budur. Dünyada Azərbaycan dili hər yerdə tədris oluna bilər, daha çox xarici vətəndaş dilimizi bu və ya digər səviyyədə mənimsəyə bilər. Amma onların içindən neçə nəfər azərbaycanşünas çıxıb?! Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üçün dörd illik bakalavr-tədris planı məhz bu məqsədə nail olmaq konsepsiyası üzərində qurulub. Dörd il ərzində Azərbaycan dilinin müxtəlif aspektlərdən (əsaslar, qrammatika, fonetika, oxu, tərcümə, yazı, dinləmə, danışma və s.) tədris olunması ilə bərabər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dilçiliyi, etnoqrafiyası, müasir cəmiyyət fənləri də ayrı-ayrılıqda tədris olunur.

 

Epidemiya dövründə də Azərbaycan dili kafedrası öz fəaliyyətini davam etdirdi. Qısa müddət ərzində Çincə-Azərbaycanca koronavirus epidemiyasına aid qısa sözlük, pandemiyadan qorunmaq haqqında qaydalar və video materiallar hazırlayıb cəmiyyətə təqdim etdim.

 

- Çində azərbaycanlı tələbələrlə əlaqələriniz necədir, onların diaspora sahəsində fəaliyyətlərdə iştirakını necə qiymətləndirirsiniz?

- Bir zamanlar mən özüm də Çində tələbə olmuşam, 20 il Çində yaşayıb təhsil almışam, tələbələrin qayğı və problemlərinə yaxından  bələdəm.  Əksəriyyəti ilə daimi ünsiyyətdəyik. Sevindirici hal odur ki, təxminən 15-20 il öncə məhdud sayda tələbə Çinə dar çərçivədə ixtisasa yiyələnmək üçün gəlirdisə, hazırda tələbələrin sayı və yiyələnmək istədikləri ixtisasların əhatə dairəsi dəfələrlə genişlənib. Artıq Çində demək olar ki, hər sahəyə uyğun azərbaycanlı mütəxəssis yetişir. Çində açıq-aşkar diaspor fəaliyyəti göstərməklə bağlı məhdudiyyətlər var. Amma bu o demək deyil ki, mümkün deyil. Müxtəlif formatlar var ki, bunların arasında elmi təşkilat formasında fəaliyyət göstərməyi mən daha məqsədəuyğun və Çin qanunlarına cavab verən hesab edirəm. Hazırda elmi təşkilatlanma prosesi gedir. Amma Çində yaşayan azərbaycanlı gənclər mövcud qanunlar çərçivəsində və yaradılan şəraitə uyğun olaraq aktiv şəkildə fəaliyyət göstərirlər. Gənclərimizin Pekindəki səfirliyimizlə, eləcə də Diaspor üzrə Dövlət Komitəsi ilə sıx təmasları var. Bir faktı qeyd edim ki, Çində koronavirus pandemiyasının alovlandığı bir dövrdə Pekindəki səfirlik Çində yaşayan azərbaycanlılarla sıx təmas qurdu. Xüsusilə çətin şəraitdə olan tələbələrə hərtərəfli yardım göstərildi, hamıya məlumdur ki, onlar sağ-salamat vətənə çatdırıldılar. Hazırda tələbələri narahat edən məqam epidemiya dövründə buraxılmış dərslər, imtahanlar və yarımçıq qalan araşdırmaları ilə bağlı olan problemlərdir. Bu problemləri müzakirə etmək üçün bir neçə gün öncə videokonfrans keçirildi. Səfir tərəfindən Çində mövcud vəziyyət barədə tələbələrə məlumat,  tələbələri maraqlandıran çoxsaylı suallara cavab verildi. Hazırda təhsildə epidemiyadan doğan müvafiq problemlərin həlli ilə bağlı müzakirələr davam edir.

 

- Siz “Bir kəmər, bir yol”  təşəbbüsünü ölkəmiz və təhsil sistemimiz üçün necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, “Bir kəmər,bir yol” təşəbbüsü Çini öyrənmək baxımından əvəzedilməz bir imkan yaradıb. Mən bu imkanlara iki aspektdən yanaşmaq istərdim. Birinci aspekt, Çində yaşayan azərbaycanlı alimlər, doktorantlar, tələbələr, qısamüddətli araşdırmaçılar üçün elm və təhsil əlaqələrinin qarşılıqlı inkişaf etdirilməsi üçün tarix boyu görünməmiş bir şərait yaradılıb. Mən bu kateqoriyaya Azərbaycanla bağlı tədqiqatlar aparan çinli alimləri də daxil edərdim. Təsadüfi deyil ki, son illər Çində Azərbaycanla bağlı nəşr olunan kitablar, məqalələr, elmi məruzələr, konfranslar, sərgilər və digər səciyyəvi tədbirlər geniş vüsət alıb. Bayaq qeyd etdiyim kimi Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası və ixtisası da məhz bu təşəbbüsün nəticəsi olaraq yaradılıb. İkinci aspekt, Azərbaycanın elm adamları üçün Çini daha yaxından tanımaq, birgə tədqiqatlar aparmaq, elmi araşdırmalar dərc etdirmək, təcrübə mübadiləsi həyata keçirmək, alimlərin mübadiləsini və digər daha yüksək səviyyəli tədbirləri həyata keçirmək üçün əvəzsiz fürsət yaranıb. Məhz bunun nəticəsidir ki, alimlərimizin qarşılıqlı səfərləri, elmi konfransların təşkili ilbəil daha geniş vüsət alır, Çində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrin kvota sayı əgər 2000-ci ildə cəmi 4 nəfər idisə indi 100 nəfərdir. Son olaraq bu təşəbbüsü olduqca yüksək qiymətəndirirəm, hesab edirəm ki, məhz bu təşəbbüsün timsalında təhsil əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Bu potensialı lazımınca dəyərləndirmək lazımdır.

 

- COVID-19 bəlasının Çin təhsil sisteminə təsiri barədə nə deyə bilərsiniz? Ölkə necə çıxır bu problemdən?

- Çində bu cür epidemiyalar bir neçə dəfə baş verib, bunlardan 2003-cü ildə SARS epidemiyasını qeyd etmək olar. Həmin vaxt Şanxayda təhsil alırdım, sosial təcrid və epidemiya zamanı maska taxmaq mədəniyyətini ilk dəfə o zaman öyrəndim. Çin bir növ belə vəziyyətlərə maddi-texniki cəhətdən hazırdır. Amma necə ola bilər ki, dünyanın sayca ən böyük xalqına malik Çin bu epidemiyadan qısa müddətdə minimum zərərlə çıxdı, amma daha inkişaf etmiş ölkələr epidemiyanın məngənəsində qalmaqdadır. Çində 20 il yaşamış biri kimi tam əminliklə deyə bilərəm ki, bunun yeganə səbəbi milyard yarımlıq Çin xalqının epidemiya ilə bağlı qoyulan qaydalara bir nəfər kimi riayət etməsidir. Sosial təcrid, maska taxmaq, ictimai və fərdi dezinfeksiya kimi qaydalara olduqca ciddi yanaşan Çin xalqı müvafiq dövlət komissiyasının irəli sürdüyü bütün tələblərə əməl etdi və nəticə göz qabağındadır. Yanvarın sonlarında 30 milyonluq Pekin şəhərində cəmi 17 nəfər koronavirusa yoluxmuşdu. amma bununla belə küçədə bir nəfər də maskasız adam görmək olmazdı. Daha sonra mən Pekini tərk etdim və bütün ölkədə sosial təcrid elan olundu, epidemiyanın daha çox alovlandığı şəhərlər tamamilə bağlandı. İndi keçək təhsildəki vəziyyətə. Epidemiya alovlandığı vaxt Çində tətil idi. Yeni semestr hər il olduğu kimi fevralın sonu martın əvvəli başlayır. Amma epidemiya səbəbilə Çin hökumətinin qərarı ilə yeni semestrin açılışı təxirə salındı. “Məktəbdən qal, dərsdən qalma” şüarı ilə bütün ali və orta məktəblər təhsili virtual olaraq davam etdirdi. Virtual dərslərin həyata keçirilməsi üçün bütün məktəblərin maddi-texniki bazası mövcuddur, odur ki,  bu işi həyata keçirmək üçün problem yaşanmadı. Məsələn, Pekin Xarici Dillər Universiteti onlayn dərsləri daha mükəmməl həyata keçirmək üçün beş pulsuz platforma təqdim etdi. Müəllim özünə uyğun platformadan yararlanaraq tədrisini davam etdirir. Bundan başqa MOOC (Açıq kütləvi onlayn dərs) platformaları, onlayn kitabxanalar, elmi informasiya bazaları, təhsil portalları xidmətlərini təqdim edir. Bununla həm təhsil və elm işçiləri, həm də tələbə şagirdlər üçün təhsil resurslarından yararlanmaq daha əlçatan oldu. Dərslərimiz lazımı tempdə davam edir, artıq imtahanların vaxtı müəyyən edilib, semestr bitmək üzrədir. Bununla belə hər bir tələbə öz kuratoruna səhhəti ilə bağlı gündəlik məlumat verir, biz də öz növbəmizdə hər gün hər bir tələbənin səhhəti ilə bağlı universitetə hesabat veririk. Bununla həm davamiyyəti, həm də virusun inkişafı bir növ nəzarət altında saxlanılır. Artıq bir çox şəhərlərdə təhsil bərpa olunub. Epidemiya dövründə təhsilin keyfiyyətinin maksimum yüksək səviyyədə saxlamaq bacarığı Çin təhsilinin yüksək inkişafından xəbər verir.

 

- Çin və Azərbaycan arasında təhsil əlaqələrinin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?

- Təhsil münasibətləri deyərkən ilk ağıla gələn tələbə mübadiləsi olur, amma müasir dünyada təhsilin, elmin, texnologiyanın misilsiz nailiyyətləri fonunda belə bir yanaşmanı məqbul hesab etmirəm. Arzu edirəm ki, Çinlə təhsil əlaqələrindən istifadə edərək Çin təcrübəsi öyrənilib ölkəmizdə tətbiq olunsun. Çinin son illərdə hərtərəfli sürətli inkişafı danılmaz faktdır. Hesab edirəm ki, bu inkişafın kökündə təhsilin və elmin yanaşı addımlaması hər ikisinin davamlı inkişafına təkan verdi. Belə bir təcrübədən yararlanmaq, sözün əsl mənasında, faydalı olardı. Arzu edərdim ki, təkcə ali məktəblər deyil, orta məktəblər də tədqiqata cəlb olunsun. Misal üçün Çinin elə orta məktəbləri var ki, onların dərsliklər tərtib edən mütəxəssislər komandası və hətta nəşriyyatları belə var. İnanıram ki, cənab Prezidentin bir neçə gün öncə imzaladığı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərmanı iki ölkənin təhsil təmaslarının inkişafına təkan verəcəkdir.

 

- Gələcəklə bağlı hansı planlarınız var?

- Bir elm adamı kimi Çində azərbaycanşünaslıq elminin yaradılması və inkişaf etdirilməsi əsas məqsədimdir. Bu uzunmüddətli bir prosesdir, addım-addım həyata keçirilməlidir. Hazırda Azərbaycan dilinin əsaslarını əks etdirən müvafiq dərsliklərim artıq hazırdır, yeni Çincə-Azərbaycanca, Azərbaycanca-Çincə orta ölçülü lüğətim tamamlanmaq üzrədir.Bundan əvvəl artıq 4 müxtəlif məqsədli lüğət kitabım nəşr olunmuşdur. Artıq nüfuzlu jurnallarda bir çox elmi məqalələrim dərc olunub, bu proses davamlı olacaq. Eyni zamanda Azərbaycan mədəniyyəti, təhsili, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı monoqrafiyalar yazılmaq prosesindədir. Bu monoqrafiyaları bir neçə mütəxəssislə birlikdə hazırlayırıq. Epidemiyadan dərhal sonra, həyat normal vəziyyətə dönən kimi Çində ilk Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransının keçirilməsi plandadır. Pekin Xarici Dillər Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Azərbaycan ədəbiyyatından seçmə əsərlərin Çin dilinə tərcüməsi və nəşri, Azərbaycan alimlərinin daha müntəzəm şəkildə Çinə dəvət olunması, mədəniyyət və tariximizi, o cümlədən müasir cəmiyyət quruculuğumuzu əks etdirən sərgilərin,  Çində təhsil alan tələbələrimiz üçün tərcümə seminarlarının keçirilməsi, Çində anadan olub yaşayan azərbaycanlı uşaqlar üçün Pekindəki səfirliyimizlə birlikdə həftəsonları məktəbinin təşkili və digər məsələlər qarşıda duran əsas vəzifələrdir. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Baxmayaraq ki, son illər Çin və Azərbaycan arasındakı münasibətlər tarixdə ən yüksək sürətlə inkişaf edir, amma Çində Azərbaycan haqqında məlumat kasadlığı hələ də mövcuddur. Elmi məlumat bazalarında üçüncü mənbələrdən əldə edilmiş məlumatlar yer alıb, bunlar da təəssüflər  olsun  ki, çox zaman həqiqəti əks etdirmir. Azərbaycan dili kafedrası olaraq, ən əsası bir Azərbaycan ziyalısı kimi bu elmi məlumat kasadlığını aradan qaldırmaq, Azərbaycan həqiqətlərini öz tərəfimizdən təqdim etmək fəaliyyətimin əsas istiqamətidir. Yuxarıda sadaladığım layihələr də məhz buna hesablanıb. Digər bir məsələ qədim  Çin mənbələrində Azərbaycan haqqında tarixi məxəzlərin araşdırılmasıdır.  Hər zaman qeyd olunur ki, Azərbaycan Qədim İpək Yolu vasitəsi ilə Çinlə tarixən münasibətdə olub, amma bu barədə dərindən heç bir araşdırma aparılmayıb, Çin mənbələrinə heç vaxt istinad olunmayıb. Mən bütün tarixçi alimlərimizi Çin mənbələrini araşdırmağa çağırıram. Bu məsələ ilə bağlı mən Çinin müvafiq elm və təhsil ocaqları ilə əməkdaşlıq edirəm. Arzu edirəm ki, daha çox alimlərimiz bu işə cəlb olunsun. Mən ixtisasca dilçi-çinşünasam. Bu sahədə də aktiv fəaliyyətdəyəm. Təkcə onu qeyd edim ki, 2019-cu ilin yay aylarında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində Çin dilinin onlayn qaydada tədrisi təşəbbüsü irəli sürüldü, nəticədə mütəxəssis kimi dəvət olundum, artıq bir ilə yaxındır ki, Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun çinli mütəxəssisi ilə birlikdə virtual olaraq Çin dilini tədris edirik. Bununla bərabər Çin ədəbiyyatından klassik əsərlərin Azərbaycan dilinə tərcüməsini, Çin dili və mədəniyyəti ilə bağlı araşdırma işləri həyata keçirirəm.

 

 Oruc MUSTAFAYEV

 



19.06.2020 | 12:18