“Müəllim ehtiyac olan yerdə daha çox müəllimdir”

Haqverdiyeva Rəqsanə Tapdıq qızı 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakı Məktəb-Lisey Kompleksində təhsil alıb. Sonra isə Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə Bakı-Anadolu liseyində akademik təcrübə keçib, universitetin nəzdində fəaliyyət göstərən dərnəklərə qoşulub, tədbirlərdə çıxış edib, sertifikatlar əldə edib. Öyrəndiyi dili daha mükəmməl qavramaq üçün “TOEFL” dil kursuna da qatılıb.  Sabirabad rayonu Bulaqlı kənd tam orta məktəbində ingilis dili müəllimi işləyir. Bütün bu fəaliyyətlərin gələcək karyerasında ona yaşıl işıq olacağını düşünən ən gənc müəllim maraqlı həmsöhbət kimi  fikirlərini bizimlə  bölüşdü.

 

Müəllimlərimi karyerama yüksəlməkdə model seçmişəm

 

- Daima üzərimdə işləyib, özümə qarşı tələbkar olmağa çalışmışam. Hər bir anlayışla bağlı  məlumatım olmasını istəmişəm.

Heç zaman yorulmayan, daim yeniliklər edən və axtaran, zaman, məkan, yaxın-uzaq, kənd-şəhər anlayışlarını bir-birindən ayırmayan biri olmuşam. Bir çox işləri bir anda edə bilmək istədiyimdən həmişə zamanın azlığından şikayətlənib, sırf bir şey öyrənim deyə, gecədən zaman oğurlamışam. Əlimdən kitab, dəftər, qələm düşməyən, qonaq gələndə, işıqlar sönəndə bunu dərs öyrənməyə bəhanə etməyən, müəllimlərini sevən və müəllimləri tərəfindən sevilən şagird olmuşam. Bütün özümdə hiss etdiyim mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri, istedadı, bacarığı qarşıma çıxan müəllimlərimin mənə qazandırdığını həmişə özümə etiraf etmişəm. Sevdiyim müəllimlərimin səsi, cizgiləri, xasiyyəti hələ də yaddaşımdadır. Öz müəllimlərimi - Azərbaycan müəllimlərini öz karyerama yüksəlməkdə model seçmişəm.

Müəllimin vəzifəsi yalnız şagirdə dərs izah etmək deyil. Şagird psixologiyasına uyğun olaraq, onlar bizim dediklərimizdən çox etdiklərimizi örnək alırlar. İstəyirəm ki, şagirdlərim məni daima oxuyan, üzərində işləyən müəllim kimi görsünlər və oxumağı sevsinlər. Əsl müəllim şagirdlərində öyrətməkdən çox öyrənmək istəyi yaratmağı bacarmalıdır.

Şagirdlərin hər zaman çox dəyərli fikirləri olur. Mən bu fikirlərə diqqət edirəm. Onlardan öyrənə biləcəyim hər nə varsa, bunu çəkinmədən edirəm.

Yeni başladığım işimdə vəzifəm də, məqsədim də uğur qazanmış şagirdlər yetişdirməkdir.

2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbulu imtahanında iştirak edib, 47 bal toplayaraq ilk seçdiyim məktəbə qəbul oldum. Müsahibə mərhələsi mənim üçün çox həyəcanlı idi. Müsahibənin gedişatından artıq uğur qazandığımı anlamışdım. Artıq şəxsi səhifəmdə görünən, lakin iş yerim olacağından əmin olmadığım Sabirabadın Bulaqlı kənd tam orta məktəbi mənim iş yerim idi.

 

Budur, mənim arzum realdır

 

Belə bir deyim var. “Niyyətin hara, mənzilin ora”: Ürəyimdə hardasa özümün belə qəbul edə bilmədiyim bir arzum var idi. Hər zaman kənd uşaqlarına dərs demək, onlara dəstək olmaq istəmişəm. Amma bunu necə reallaşdıra biləcəyimi arzu olaraq ürəyimdə saxlamışdım. İşə qəbul imtahanı isə arzuma aparan bir yol idi və budur, mənim arzum realdır. Kənd məktəbində təhsil vermək çətin deyil, sadəcə məsuliyyətimin böyük olduğunu dərk edirəm. Şagirdlərimin məni sevməsi (hər biri məktəbin həyət qapısının önündə qucaqlayaraq qarşılayır məni), fənnimə maraqları, səylə çalışmaları bütün maneələri, çətinlikləri dəf edir.  Əslində  mən o an özümlə qürur duyuram.  “Çətinlik” adlandırılan hisslər mənə əsl müəllim olmaq hissini yaşadır. Bəlkə də çətinliklər adlanan hisslərsiz mən işimi bu qədər sevə bilməzdim. Kənd məktəblərində dərslərimiz odun istisinə qızınan isti münasibətlər əsasında qurulur və dərslərimiz bu istiliklə daha da məhsuldar olur.

 

Ailəli müəllimlər üçün gözəl bir şans

 

Uzun müddət kənd məktəbində işləmək planım var. Əslində ailəli insanlar üçün belə işləməyi çətin bilirlər. Mənə görə isə, həvəsləndirmə tədbirləri məhz ailəli müəllimlər üçün gözəl bir şansdır. Mən də bu şansdan istifadə etmək istəyirəm. Müəllim ehtiyac olan yerdə daha çox müəllimdir. Yeni müəllimlər heç bir çətinliklərdən çəkinməsinlər. Çünki hər kəsin çətinlik anlayışı fərqlidir. Kənd əhalisinin müəllimə sevgisini, hörmətini görməklə mən sənətimlə daha da fəxr edirəm.

Dərs müddətində olduğu kimi, dərsdənkənar vaxtlarda da düşünürəm ki, şagirdlər yaradıcı işlərlə məşğul olub, mütaliə edərək həyatı daha yaxından seyr edib, rəngarəngləşdirə bilərlər. Xüsusi istedadlı uşaqlara diqqət edilərək onlara dəstək göstərilməlidir. Və bu istiqamətdə ciddi addımlar atılır.

3 və 8 yaşlarında övladlarım var. Zamanımı onlarla öyrədici oyunlar oynayaraq keçirirəm. Məktəbə gedərkən, yola sərf olunan 2 saat vaxtımı da əsərlər oxuyuram. Gecədən oğurladığım zamanda şeir yazıram. Əl işlərini çox sevirəm. Vaxtımın geri qalan hissəsini əl işləri edərək başa vururam.

 

Xalid NƏCİYEV,

Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



23.02.2018 | 15:00