Buxarest aeroportunda dissertasiya müdafiəsi

Azərbaycan Texniki Universitetinin (AzTU) əlaçı magistrləri Nicat Mərdanlı və Samir Tağıyevin dissertasiya işlərinin müdafiəsi maraqlı bir şəraitdə baş verib.  Onlar dissertasiyalarını Buxarest aeroportunda müdafiə ediblər.

 

Universitetdən bildirilib ki, adıçəkilən tələbələr 2020-ci ilin fevral-may ayları üçün dissertasiya işi ilə əlaqədar Erasmus +K1 proqramı çərçivəsində Rumıniyanın Cluj-Napoca Texniki Universitetinə göndərilib. Mayın 31-dən sonra Vətənə qayıtmalı olsalar da, bu, pandemiya səbəbindən mümkün olmayıb. Magistrlər Azərbaycana yalnız iyunun 29-da qayıda biləcəkləri ilə bağlı rəsmi icazə ala biliblər. Maraqlıdır ki, magistrlərin dissertasiya işlərinin müdafiəsi də əvvəlcədən iyunun 29-na  planlaşdırılıb.

 

Bildirilib ki, Nicat Mərdanlı və Samir Tağıyev məhz həmin tarixdə Buxarest aeroportunda olduqları üçün  müdafiə prosesinə də oradan qoşulublar. Rektor Vilayət Vəliyevin iştirakı ilə keçirilən müdafiədə magistrlərin dissertasiya işləri və suallara verdikləri dolğun cavablar komissiya tərəfindən yüksək qiymətləndirilib.



02.07.2020 | 11:10