BDU rəhbərliyi hərbi xidmətə çağırılan məzunlarla görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin universitetin  hərbi xidmətə çağırılan məzunları ilə onlayn görüşü keçirilib.

 

Rektor məzunları təbrik edərək, ölkəmizin təhlükəsizliyi,  müdafiəsinin təmin edilməsində Azərbaycan ordusunun  rolundan və qüdrətindən söz açıb.

 

E.Babayev 100 illik tarixə malik  BDU-nun təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin də Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb.

 

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini deyib.

 

BDU-nun jurnalistika fakültəsinin yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq. Professor, həmçinin ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs vəzifə olduğunu vurğulayıb.

 

Sonra valideynlər adından çıxış edən hüquq fakültəsinin məzunu Xəyal Talıbzadənin atası Eldəniz Talıbzadə ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdıraraq, bir valideyn kimi övladının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiyini bildirib, məzun-əsgərlərə ölkəmizin ərazi bütövlüyünün qorunmasında müvəffəqiyyətlər arzu edib.

 

Onlayn görüşdə iştirak edən hərbi xidmətə çağırılan məzunlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını söyləyiblər.

 

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistləri Aslan Əzimzadə və Rəqsanə Əsədovanın ifasında "Zəfər marşı" musiqisi səsləndirilib.

 



02.07.2020 | 12:06