“Müsabiqələrdə bərabər qələbələrə imza atırıq”

Dəfələrlə  beynəlxalq müsabiqələrin  qalibləri olan  yeniyetmə rəssamlar  Surə Dadaşzadənin  və  Abdulrəhim Bağırlının  uğurları haqqında çox eşitmişik.Onlar hər ikisi iştirak etdikləri bütün müsabiqə və festivallarda, yaradıcılıq  yarışmalarında  həmişə  qələbələrə imza atırlar. Hər iki yeniyetmə haqqında mən də bir neçə dəfə  məqalə yazıb uğurları barədə geniş oxucu auditoriyasına  ətraflı məlumat vermişəm. Bu günlərdə də eşitdim ki,  onlar Yunanıstanda keçirilən VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə (Biennale) qatılaraq uğur qazanıblar.

 

Təbii olaraq  xarakterlərinə, yaradıcılıq potensiallarına yaxından bələd olduğum  üçün  bu istedad sahibləri ilə yenə də görüşüb  həmsöhbət olmaq,  yarışma barədə   zəngin təəssüratlarını oxucularımızla bölüşmək istəyi ilə onlarla əlaqə yaratmaq fikrinə düşdüm.  Xaraktercə mehriban və təvazökar olan yeniyetmələr xahişimi yenə də məmnuniyyətlə qəbul etdilər və biz onlarla görüşüb həmsöhbət olduq. Zərrəcə dəyişməmişdilər. Əvvəlki  kimi  xoş davranışlı, bir az da qayğılı görünürdülər. Amma sevincləri də  yerə-göyə sığmırdı, bilirdilər ki,  uğurları barədə bu dəfə də ətraflı məlumat alacağam və xoş təəssüratlarımı oxucularla bölüşəcəyəm. Həmişəki kimi ilk həmsöhbətim  də elə Surə Dadaşzadədir.

 

Sevincimizin hədd-hüdudu olmadı

        

Eşidəndə  ki, Biennaleyə göndərdiyimiz  rəsmlər  münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib,  birinci yerə layiq görülmüşük, sevincimizin hədd-hüdudu  olmadı. Bu yarışmanın nəticəsində  bir  daha əmin oldum ki, çəkilən əziyyət heç vaxt hədər getmir. Festivala olduqca ciddi hazırlaşmışdım. Əvvəllər günün neçə saatını yaradıcılığa həsr edirdimsə bu yarışmaya hazırlıq dövründə  onu ikiqat artırdım. Dərk edirdim ki,  ciddi mübarizə şəraitində  yarışmalı olacağam  və orada  ancaq yaxşıların yaxşısı qalib adını qazana biləcək. Bəzən o qədər işləyirdim ki, iş otağımdaca yuxu məni aparırdı. Ancaq nə qədər bərk yatsam da  fırçam əlimdən yerə düşmürdü. Bir dəfə anam bunu hiss edərək gülə-gülə dedi ki, qızım  gələcəyin  çörək ağacını əlindən  yerə salmır. Nə isə, bunu bir zarafat kimi də qəbul edə bilərsiniz. Demək istəyirəm  günün çox vaxtını  öz üzərimdə çalışırdım ki, yarışmanın qalibi olum. Və zəhmətim hədər getmədi, bu dəfə də  arzum gerçək oldu. Sevinirəm ki, ailəmizə, müəllimlərimə, təhsil aldığım gimnaziyaya, məşğul olduğum dərnəyin rəhbərliyinə başucalığı qazandıra bildim. Bu yarışmaya müxtəlif ölkələrdən olduqca təcrübəli və istedadlı həmyaşıdlarımın qatılacaqlarını da bilirdim. Bu, həyəcanımı qeyri-ixtiyarı artırırdı. Şübhəsiz  birinci olmaya da bilərdim və son nəticədə  bu halla barışmalı da olardım. Çünki  yaxşıların yaxşısı ilə yaradıcılıq yarışmasına qoşulmuşdum, hər şey ola bilərdi. Rəqiblərimin müsabiqəyə təqdim etdikləri kompozisiyalar olduqca dolğun və peşəkarlıq nümunələri idi. Buna görə də həyəcan məni bir an da rahat buraxmırdı. Ancaq şükür ki, qələbə mənim oldu. Heç bilirsiniz hansı hissləri yaşayırdım onda?- İnanın, bu şad xəbəri eşidəndə sanki,  kosmik gəmidə başqa bir planetə uçuşdayam. Valideynlərimin sevinc hissləri mənə  də bir dünya fərəh bəxş etdi. Əslində bu, sözlə ifadə olunası mümkün olmayan   yaşanılan  hisslər idi.

 

Müəllimlərim mənimlə qürur hissi duyurlar

 

2006-cı ildə Bakı şəhərində anadan olmuşam.  Milli Konservatoriyanın  tərkibində Respublika İncəsənət Gimnaziyasının 7-cı sinfində təhsil alıram. Dərslərimə də diqqətlə yanaşıram, sinif yoldaşlarımdan geri qalmıram. Məktəbimizdə keçirilən bütün tədbirlərdə fəal şagird olaraq  yaxından  iştirak edirəm. Müəllimlərimin söylədiklərinə görə  mənimlə qürur hissi duyurlar.  Onlar məni ürək genişliyi ilə məktəbin ulduzu adlandırırlar.

 

“Ölkəmizi məharətlə təmsil edirəm”

 

Surənin söylədiyi fikirləri mən də ürəkdən təsdiqləyirəm. İkimiz də eyni  həyəcanlı və sevincli anları yaşamışıq. Demək olar ki,  söyləyəcəklərimin hamısını  o, ətraflı dedi. Surə də, mən də eyni   təhsil ocağının şagirdləriyik və eyni dərnəkdə məşğul oluruq. Demək olar ki, bütün müsabiqələrdə də bərabər iştirak edirik və qələbələrə imza atırıq. Bu yarışmadan öncə mənim rəsm nümunələrim ölkəmizin hüdudlarından kənarda- Türkiyədə, Çexiyada, Yaponiyada, Bolqarıstanda və Sloveniyada keçirilən rəsm müsabiqələrində də yüksək qiymətləndirilərək  diplom və fəxri fərmanlara layiq görülüb. İstər ölkədaxili, istərsə də beynəlxalq  müsabiqələrdə  gimnaziyanı və ölkəmizi  məharətlə təmsil edirəm və hər dəfə də uğurlara imza atıram.

 

Fərdi  sərgilərim

 

Dəfələrlə fərdi sərgim  keçirilib. Sərgidə  nümayiş olunan  rəsmlərim  münsiflər heyəti  tərəfindən bəyənilərək diplom  və fəxri fərmanlara layiq görülüb.Təhsil ocağımızın rəhbəri Aytən Əhmədova məni və həmkarım Surəni çox sevir və bizi məktəbin fəxri şagirdləri sayır. Həmişə çalışacağam ki,  kollektivimizin göstərdiyi etimadı doğruldum və bütün istedad yarışmalarında  təhsil aldığım məktəbin başını uca edim.

 

…Növbəti istedad yarışmasından da  qalib qismində qayıdan hər iki həmsöhbətimi dinləmək, onların  istedadlarını təsdiqləyən faktları təkrar-təkrar eşitmək mənim üçün olduqca xoş olur. Hər dəfə də bu iki yeniyetmənin uğurları barədə məqalə hazırlayarkən qürur hissi keçirməyə bilmirəm. Dövlətimizin istedadlı yeniyetmə və gənclərə göstərdiyi diqqət və qayğıdan məharətlə bəhrələnən bu kimi yeniyetmə  istedad sahiblərinin gələcəkdə korifey sənətkarlar ola biləcəklərinə ümid çırağı yanır.

 

Sifai SƏFƏROVA

 



03.07.2020 | 16:03