“Məktəblinin dostu” etimad qazanıb

 

2186 dəfə məktəbdə şagirdlərə tibbi yardım göstərilib,  5 məktəbli ölümdən qurtarılıb, cəmi 104 hadisədə təcili tibbi yardım çağırılıb. 5 məktəbdə yanğının qarşısı alınıb. Məktəblərdə siqaret çəkmə faktları 80 faiz azalıb. 3120 münaqişənin, 52 kütləvi davanın qarşısı alınıb. 2016-2017-ci ildə müəllimlər tərəfindən şagirdlərə göstərilən 47, 2017-2018-ci ildə 11 mənəvi təzyiq, bu illər ərzində 95 fiziki təzyiq halı önlənib. Məktəbdə 83 oğurluq, 13 spirtli içki, 27 reketçilik, 271 dəfə siqaret istifadəsi barədə fakt aşkarlanaraq tədbirlər görülüb.

Bu rəqəmləri Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 32 məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilən görüşdə layihənin rəhbəri Rüstəm Ağayev səsləndirib. O bildirib ki, məktəblərdə müdaxilə etdikləri 1544 mübahisə faktı olub.Onlardan 152-si müəllimlərlə şagirdlər arasında, 1372-si şagirdlə şagird arasında baş verib.

R.Ağayev layihənin necə fəaliyyətə başlamasından, 3 illik fəaliyyətində nail olduqları nəticələrdən danışıb. Onun fikrincə, pilot qaydada həyata keçirilən layihə məktəblərdə məktəblinin dostuna ehtiyac olduğunu göstərib. Qısa vaxt ərzində əldə etdikləri etimadı belə izah edib: “Məktəblinin dostu olan məktəbin şagirdi təhlükəsiz, valideyni arxayın olur”.

Görüşdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva “Məktəblinin dostu” layihəsinin qazandığı uğur və etimaddan danışıb. Bildirib ki, layihə fəaliyyətə başlayanda bir çox məktəb direktoru prosesi başqa cür qarşılayır, gənclərin məktəbə gəlib prosesə müdaxilə etməsini qəbul edə bilmirdilər. Artıq vəziyyət dəyişib və görünən odur ki, məktəbdə məktəblinin dostuna ehtiyac var. M.Vəliyeva vurğulayıb ki, layihənin həyata keçirilmədiyi məktəblərdə vəziyyətin yaxşı olmadığını demək olmaz, ancaq onlar məktəblinin dostu olan məktəblər qədər də təhlükəsiz deyil: “Biz müəllimlərə dərs vaxtı şagirdi sinifdən buraxmamağı tələb edirik. Ancaq bunu da həmişə etmək olmur. Uşaqlar sinifdən çıxdıqda isə təhlükəsiz görünən şəraitdə belə gözlənilməz hallar yaşanır. Dünənə qədər məktəbin ərazisi kimi gördüyümüz ərazilərdə nə qədər böyük təhlükələrin gizlənə biləcəyini nəzərə almırıq. Bəzi faktlardan sonra hətta direktorlar etiraf edir ki, məktəbində belə ərazinin olacağı, faktın yaşanacağı heç vaxt ağlına gəlməzdi”.

Təhsil ekspertləri Nadir İsrafilov, Məlahət Mürşüdlü, media kapitanları Rəşad Məcid, Vüqar Rəhimzadə və valideynlərin iştirak etdiyi görüşdə “Məktəblinin dostu”nun fəaliyyətinin üstünlükləri qeyd olunub. Bildirilib ki, onların fəaliyyət göstərdikləri məktəblərdə təhsil alan uşaqların valideynləri daha arxayındır.

 

 

Ruhiyyə Daşsalahlı

 



23.02.2018 | 19:38