Pedaqogika elminin mənbələrindən biri kimi

Tarix boyu türk dünyası bəşəriyyətə böyük töhfələr vermiş, zəngin mədəni irs yaratmış, dahi mütəfəkkir - şəxsiyyətlər yetişdirmişdir. Belə böyük şəxsiyyətlərdən biri də Türküstandan doğan günəş kimi yadda qalmış Xoca Əhməd Yəsəvidir. X.Ə.Yəsəvi (1103-1166) XI yüzillikdə yaşamış, təxminən 63 il ömür sürmüşdür. Sufizmin görkəmli nümayəndəsi, Orta Asiyada yaşamış və bütün türk - islam dünyasının böyük mütəfəkkir filosofu  kimi sevilən X.Ə.Yəsəvi yaradıcılığı mənəvi-əxlaqi dəyərlər xəzinəsidir. Onun yaradıcılığında insan tərbiyəsinin bütün vacib komponentləri əksini tapmışdır. Ə.Yəsəvi nəfsin tərbiyə olunmasını, əmək tərbiyəsini, ailə tərbiyəsini və ümumiyyətlə, sağlam nəsil tərbiyə etməyi cəmiyyət üçün olduqca vacib sayır.

 

Böyük mütəfəkkirin belə bir fikrinə diqqət edək:

“Nəfsini sən özbaşına buraxma, çəkin”.

 

Yaxud:

“Yüz min bəla başa düşsə inləmə

Ondan sonra eşq sirrini bilər dostlar” .

 

Nümunədən göründüyü kimi, Ə.Yəsəvi nəfsi özbaşına buraxmağı məsləhət görmür. Çünki bir çox bəlalar insanın öz nəfsinə sahib çıxa bilməməsilə bağlı olur. Bundan əlavə, insan nə qədər ağır, çətin vəziyyətə düşsə belə, sınmamalı, möhkəm olmalı, bəlalara qarşı  mübarizə aparmalı, öz sirrini başqalarına verməməlidir. Əks halda insan qəlbi ilahi eşqdən uzaq olar və kamil insan səviyyəsinə çatmaq mümkün olmaz.

 

Ə.Yəsəvi yazırdı ki, insan həmişə yaxşılıq etməli, amma onu da ilahi eşq ilə həyata keçirməli, özünü reklam etməməlidir. Yaxşılıq eşqə, səmimiyyətə əsaslanmalıdır. Əks halda o xeyirli əməlin özünün də faydaları olmaz. Əslində riyakarlıq, mənəviyyatdan uzaqlıq, abır-həya hissinin olmaması həm də nəfslə, səmimi olmamaqla bağlıdır.

 

Sağlam təfəkkür, sağlam düşüncə

 

Həyat təcrübəsi də göstərir ki, mənəvi dəyərlərə hörmətsizlik, davranış pozuntuları insanın öz nəfsini cilovlaya, nəfsinə qalib gələ bilməməsi ilə bağlıdır. Ona görə də ilk növbədə insan sağlam təfəkkür, sağlam düşüncə sahibi olmalıdır. Ə.Yəsəvi yazırdı:

 

Nəfs yoluna girən insan rəzil olur

Yoldan çıxıb günah edir, insanlıqdan uzaq olur

Nəfsini boğ, nəfsini boğ, ey pisliklər edən!

Nəfsin səni son anda kölə eylər!

Davranışını zahirən yaxşı göstərməyə çalışan insan daxilən saf, təmiz deyilsə, belələrinə də mənəviyyatlı insan demək doğru deyil.

Türk dünyasının böyük şeyxi Ə.Yəsəvinin bu baxımdan fikirləri maraq doğurur:

Görünüşü sufiyə bənzər, qiyamətdən qorxmazlar,

Günah və haram bilməz, günahlardan ürkməzlər.

 

Ə.Yəsəvi həmişə zəiflərə, köməyə ehtiyacı olanlara yardım etməyi insanlığın şərtlərindən sayırdı. Böyük mütəfəkkir yazırdı ki,  əziyyət çəkən, mənəvi dəstəyə ehtiyacı olan insanlara kömək etmək hər birimizin borcumuzdur. İnsan mənəm-mənəmlik prinsipindən uzaq olmalı, özünü başqalarından üstün tutmamalıdır:

Harda görsən könlü qırıq, mərhəm ol!

Bircə məzlum yolda qalsa, yoldaş ol!

Məhşər günü dərgahına məhrəm ol!

Mənəm-mənəm deyənlərdən uzağam!

 

Ə.Yəsəvi türklər tərəfindən islamın daha dərindən dərk olunması üçün yeni bir məktəbin əsasını qoymuşdur.

 

Xoca Əhməd Yəsəvinin yaşadığı dövrdə ədəbiyyat və elm dilləri fars və ərəb dilləri idi. Sadə xalqı isə öz dilində-türk dilində maarifləndirmək, islam dinini bu dildə təbliğ etmək daha çox fayda verirdi. Ona görə də Ə.Yəsəvi təsəvvüf ruhunda yazdığı əsərlərlə sadə xalqın qəlbini ilahi eşqlə alovlandırırdı.

 

Pedaqoji ideyalar, tərbiyəvi fikirlər

 

Hələ sağlığında Türküstan elinin ağsaqqalı, “Piri -Türküstan” adı ilə tanınan X.Ə.Yəsəvinin əsərlərindən bəhs etməklə bir məsələni də xüsusi vurğulamaq istəyirik. Bu da böyük mütəfəkkirin irsinin başdan-başa pedaqoji ideyalarla, tərbiyəvi fikirlərlə zəngin olması faktıdır.

 

Məlumdur ki, pedaqogika təhsil, təlim, tərbiyə və şəxsiyyətin formalaşdırılması problemlərini öyrənən elm sahəsidir. Yetkin şəxsiyyətin formalaşması ilk növbədə onun qazandığı biliklərlə, aldığı tərbiyə ilə, ona edilən kənar təsirlərlə, daha doğrusu, mühitin təsirləri ilə sıx bağlıdır. Təcrübə göstərir ki, insanın qazandığı biliyin məzmunu, aldığı tərbiyənin istiqaməti necədirsə, şəxsi keyfiyyətləri də həmin məzmun və istiqamətə uyğun olur. Bu baxımdan X.Ə. Yəsəvinin yaradıcılığı pedaqogika elminin mənbələrindən biri kimi mühüm əhəmiyyət kəsb edir.

 

Mənəvi tərbiyə ilə bağlı ideyalarından istifadə

 

Müasir dövr üçün kifayət qədər aktuallığını, elmi-nəzəri və praktik əhəmiyyətini nəzərə alaraq onun yaradıcılığının elmi-pedaqoji baxımdan araşdırılması, irsinin dərindən tədqiqi, mənəvi tərbiyə ilə bağlı ideyalarından təlim-tərbiyə prosesində istifadə faydalıdır.

 

Pedaqogika elmi sübut edir ki, böyüyən nəsillərin şəxsiyyət kimi yetişməsində əmək tərbiyəsi mühüm yer tutur. Tədqiqatlar göstərir ki, insan hələ kiçik yaşlarından əməyə alışdırılmalı, zəhmətin insan həyatındakı rolunu, halal əməklə dolanmağın vacibliyini dərk etməli, başqalarının əməyi hesabına yaşamamalıdır. Başqasının əməyi hesabına yaşayan insan insanlığın qədrini bilməz, dəyərlərə doğru, düzgün qiymət verməyi bacarmaz, haqq-ədaləti qorumaqda maraqlı olmaz. Haqq-ədalət olmayan yerdə isə tərbiyəvi təsirlər zəif olar, yetkin şəxsiyyətin formalaşdırılması çətinləşər. Məhz buna görə də pedaqogika elmində tərbiyədən bəhs olunarkən əmək tərbiyəsi ayrıca bölmə kimi verilmiş, onun insan həyatındakı rolu elmi cəhətdən əsaslandırılmışdır. Həyat təcrübəsi göstərir ki, həqiqətən, insanın şəxsiyyət kimi formalaşmasına əmək tərbiyəsinin son dərəcə güclü təsiri vardır. Bu baxımdan X.Ə. Yəsəvinin irsində halal əməyin, zəhməti ilə yaşamağın üstünlükləri haqlı olaraq ön plana çəkilir, bu yolla ailə dolandırmağın faydaları geniş şəkildə, dönə-dönə vurğulanır.

 

Pedaqogika elə bir elm sahəsidir ki, burada həm də təhsil müəssisələrində bütün yaş qrupuna aid insanların, uşaqların, təhsilalanların, yaşlıların təlim-tərbiyə məsələləri əksini tapır. Ə.Yəsəvi irsində də insanın ömür boyu həyat tərzinə, elm öyrənmək, mərifət sahibi olmaq, əxlaqi - mənəvi dəyərlərə yiyələnmək və s. məsələlərə aid olduqca qiymətli fikirlər, örnəklər vardır. Bu fikir və ideyaların bəşəri, dünyəvi elm olan pedaqogikaya gətirilməsi, bu elmin mənbələri sırasında geniş təhlilinin verilməsi vacibdir. Bununla yanaşı hazırkı dövrdə, milli, bəşəri, dünyəvi dəyərlərə marağın, diqqətin artdığı bir zamanda zəngin yaradıcılıq xəzinəsi olan X.Ə.Yəsəvi irsinin elmi-pedaqoji tədqiqata cəlb edilməsi, onun elmi-nəzəri əhəmiyyətini göstərməklə bərabər, praktik dəyərinin üzə çıxarılması olduqca gərəklidir.

Ə.Yəsəvi mənəvi yüksəlişə, kamilliyə gedən yolu sadə dillə təsvir edir və hər kəsi kamil insan - şəxsiyyət kimi yetişməyə səsləyir. “Divani-Hikmət” əsərində Ə.Yəsəvi insanın ömür yolunda hər yaş dövrünün özünəməxsus xüsusiyyətlərini izah edir. Qırx yaşlı insan, Ə.Yəsəviyə görə, kamillik zirvəsinə çatmış insandır. Bu dövrdə artıq hər kəs keçdiyi ömür yoluna dərindən nəzər salmalı, günahlardan xilas olmaq üçün tövbə etməli, mənəvi - ruh dünyasının zirvəsində olmalıdır. Bütün bunlara nail olmaq üçün insan həmişə ilahi eşqlə yaşamalı, insanlara qarşı mərhəmətli olmalı, öz könlünü sevgi, məhəbbət hissi ilə daim alovlandırmağa çalışmalıdır.

 

Yəsəvi irsində ailə dəyərləri

 

Ə.Yəsəvi irsində ata, ana, valideyn-övlad münasibətləri, bütövlükdə ailə dəyərləri mühüm yer tutur. O, ailənin bütövlüyünün qorunması, möhkəmlənməsi üçün dəyərlərə hörmət bəsləməyin vacibliyini vurğulayır. Qeyd edir ki, ailə möhkəm təməllər üzərində qurulmalı, ailə başçıları məsuliyyətlərini dərk etməli, övladlarını düzgün tərbiyələndirməlidirlər. Bundan ötrü ailə başçıları övladlarına nümunə olmalıdırlar. Onlar öz halal zəhmətlərilə yaşamalı, övladlarına halal zəhmətin dəyərini başa salmalı, başqalarının malına, əmlakına göz dikməməlidirlər. Təcrübə göstərir ki, halal zəhmətlə dolanan insan, həm də yalandan, böhtandan, əliəyrilikdən, riyakarlıqdan uzaq olur. Bu da kamil insan kimi yetişmək üçün vacib şərtlərdəndir. Düzgün tərbiyə almış övladlar həm də öz valideynlərinə hörmətlə yanaşı, onların əməyini, valideynlik missiyasını doğru, düzgün dəyərləndirir və beləliklə, valideyn-övlad  münasibətlərinin tənzimlənməsi ailənin bütövlüyünü daha da möhkəmləndirir. Eyni zamanda burada varislik ənənəsi yaranır. Nəsildən-nəsilə ötürülən mənəvi dəyərlər sistemi getdikcə zənginləşir, kamil insan-şəxsiyyətin formalaşdırılması imkanları genişlənir. Bu məsələlərlə bağlı Ə.Yəsəvi yaradıcılığında zəngin materiallar, ibrətamiz fikirlər, dərin fəlsəfi məzmun daşıyan hikmətlər vardır.

 

Qeyd etdiyimiz məsələlər eyni zamanda pedaqogika elmi ilə bilavasitə bağlıdır. Pedaqogika elminin başlıca xüsusiyyətlərindən biri sağlam nəsil böyütmək, uşaqların ailə tərbiyəsini düzgün təşkil etməkdən ibarətdir. Yaşadığımız hazırkı dövrdə-müasir informasiya cəmiyyətində mənəvi-əxlaqi cəhətdən sağlam nəsil yetişdirmək xüsusilə aktuallıq kəsb edir. Bu gün qloballaşan dünyada mənəvi dəyərlərə xüsusi önəm vermək, təhsilalanların ruhunu, düşüncəsini, şəxsi keyfiyyətlərini tarixi köklər üzrə düzgün təməllər əsasında formalaşdırmaq həqiqətən, olduqca vacib məsələdir. Bu günün şagirdinin, tələbəsinin insan kapitalı, yüksək intellekt sahibi kimi yetişdirilməsi bilavasitə dəyəryönlü, şəxsiyyətyönlü təhsil və tərbiyə vasitəsilə məqsədəuyğundur. Müasir pedaqogika elmi bu problemləri ön plana çəkir və tərbiyə  ilə bərabər təhsili də haqlı olaraq dəyər kimi qəbul edir.

 

Özünüdərk, soy-kökə bağlılıq, milli ruh

 

Bəhs etdiyimiz problemə bu baxımdan yanaşaraq qeyd edirik ki, Ə.Yəsəvi yaradıcılığı, onun qoyub getdiyi irs bir tərbiyə məktəbidir. Bu irsdə özünüdərk, soy-kökə bağlılıq, milli ruh, islamçılıq baxışları, o cümlədən türkçülüyə, türk dilinə, adət-ənənələrinə sevgi və məhəbbət, ilahi eşqin insanın saflaşmasında rolu və digər məsələlər əksini tapmışdır. Bütün yaradılmışlara ilahi eşqin parlaq nümunəsi olan Yəsəvilik tarixən türk - islam dünyasının mənəvi-ruhi yüksəlişinə təkan vermiş bir bulaq-çeşmə; fikir, ideya mənbəyi, ucalıq yolu, məktəb olmuşdur. Bu məktəbin yetirmələri sonrakı dövrlərdə türk dili və mədəniyyətinin inkişafına böyük töhfələr vermişlər.

 

Bu gün təhsil müəssisələrində ictimai humanitar fənlərin tədrisində tarixi irsimizin, türk-islam dünyası dəyərlərinin, eyni zamanda Ə.Yəsəvi irsinin təhsilalanlara obyektiv, geniş öyrədilməsi və tətbiqi imkanları vardır. Bu baxımdan tədqiqatçı, pedaqoq - alimlərin və müəllimlərin bu problemə daha ciddi diqqət yetirmələri vacibdir.

 

Təcrübə və araşdırmalar göstərir ki, mədəni irsin öyrənilməsi və öyrədilməsi təhsilalanların yetkin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Türk -islam dünyasına aid olan mənəvi dəyərlər həm də dünyəvi dəyərlərdir. Böyüyən nəsillərimizə türk ruhunun aşılanması, onlara türk-islam dünyasına xas olan mənəvi dəyərlərin mənimsədilməsi, şagirdlərdə (tələbələrdə) sağlam düşüncə tərzinin, tarixi köklərə bağlılıq, vətənpərvərlik hissi ilə bərabər, onlarda həm də ədalət, xalqlar arasında dostluq  və qardaşlıq, tolerantlıq, insan hüquq və azadlıqlarına hörmət, humanizm və digər bəşəri hisslərin formalaşmasına güclü təsir göstərir.

 

Türk-islam dünyasının mədəni irsinin, o cümlədən Ə.Yəsəvi xəzinəsinin bütün dünya xalqlarına çatdırılması üçün elmi konfransların keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu da xalqlar, millətlər arasında dostluğa, qardaşlığa xidmət baxımından təqdirəlayiqdir.

 

İntiqam CƏBRAYILOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru

 

 



10.07.2020 | 14:25