“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.

 

Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli alim Hüseyn Həşimlinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor H. Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi məqalənin, yüzlərlə qəzet məqaləsinin müəllifi idi. Qeyd olunub ki, H.Həşimli  müstəqillik dövrünün yaratdığı imkanlar sayəsində Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri, mövzu rəngarəngliyi məsələlərini öyrənmək yönündə arxiv materialları və köhnə nəşrlərdə olan ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini tədqiq edə bilib.

 

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı monoqrafiyası haqqında bir neçə söz” adlı məruzəsində Ə.Quliyev vurğulayıb ki, qədim və zəngin tarixə malik Naxçıvanın XX əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun özünəməxsus yeri vardır. Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr dəyərini bu gün də saxlamaqdadır. Onun sözlərinə görə, professor H.Həşimli görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alaraq və uzunmüddətli araşdırmalarının nəticəsi olaraq “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasını  nəşr etdirib.   

 

Vurğulanıb ki, giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Əli Səbri Qasımovun 91 illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılıb. Görkəmli yazıçının “Qaraçılar”, “Ümid işıqları”, “Himayə”, “Firuzun kədəri” kimi mükəmməl hekayələri də elmi-ədəbi təhlilə cəlb olunub, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilib.

 

Təqdimat mərasimində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri- filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Ramiz Qasımov çıxış edərək professor H.Həşimlinin ictimaiyyətə təqdim olunan əsərini Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən biri kimi yüksək qiymətləndiriblər. Qeyd olunub ki, əsər Əli Səbri Qasımov haqqında ən ciddi, ədəbi-tarixi faktlarla zəngin və nəzəri cəhətdən yüksək elmi səviyyədə əsaslandırılmış fundamental monoqrafik tədqiqatdır.

 



30.07.2020 | 12:24