“Dini və milli bayramlarımızın gənclərin mənəvi tərbiyəsində rolu”

Naxçıvan Dövlət Universitetində (NDU) “Dini və milli bayramlarımızın gənclərin mənəvi tərbiyəsində rolu” adlı vebinar keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki,  xalqımız öz milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə həmişə hörmətlə yanaşır, bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. O, Qurban bayramının dövlət səviyyəsində qeyd olunmağa başlandığı tarixi şəraitdən danışıb və  müqəddəs bayram münasibətilə hər kəsi təbrik edib.

 

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların birliyinə xidmət etdiyini, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını söyləyib.  Bildirilib ki, Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır, adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən, kəsilən heyvanlar sağlam olmalıdır.

 

Diqqətə çatdırılıb ki, İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

 

V. Babayev həm də Naxçıvan Universitetində Dinşünaslıq ixtisası üzrə dərs deyən bir müəllim olaraq onu  da vurğulayıb ki,  müasir gənclik  öz milli-mənəvi dəyərlərinə sahib çıxmalı, dinimizi məhz elmi nöqteyi-nəzərdən öyrənməyə çalışmalıdır.

 

Vebinarda müəllim və tələbələrin sualları cavablandırılıb, müqəddəs bayram münasibətilə xeyir-dualar səsləndirilib.

 

 

 



30.07.2020 | 16:01