Şamaxı Astrofizika Rəsədxanasında C/2020 F3 kometasının spektral və fotometrik müşahidəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda quraşdırılmış yeni spektroqrafında və teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində CCD fotometr vasitəsilə C/2020 F3 kometasının iyulun 20, 27-də spektral və fotometrik müşahidələri aparılıb.

 

Rəsədxanadan bildirilib ki, iyulun 20-də kometanın Yerdən məsafəsi 104,57 milyon kilometr, iyulun 27-də isə məsafə 108,21 milyon kilometr olub. Müşahidə materiallarından alınmış nəticələrin beynəlxalq nüfuzlu jurnallarda çapı nəzərdə tutulur.

 

Qeyd edilib ki,  C/2020 F3 kometası martın 27-də NEOWISE (Yer kürəsinə yaxın kosmik obyektləri tədqiq edən teleskop) kosmik teleskopu vasitəsilə aşkar edilib. Bu kometanın Günəşə növbəti qayıdışı 6800 ildən sonra gözlənilir.

 

 



06.08.2020 | 18:44