“İlandağ” geoparkının yaradılması ilə əlaqədar İşçi qrupunun iclası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar İşçi qrupunun 8-ci iclası keçirilib.

 

İclasda geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı görülən işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət  İşçi qrupu tərəfindən artıq müəyyən işlər görülüb:” Belə ki,  2019-cu ilin may ayından Ordubad, Culfa və Babək rayonları ərazisinə ekspedisiyalara gedilib. 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, geoloji, ekoloji, biomüxtəliflik təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatlar hazırlanıb və kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib”.

 

İclasda, həmçinin ərazinin geomorfoloji, landşaft materialları, xəritələrı və həyata keçirilməsi nəzərdə tutulan digər məsələlər ətrafında da fikir mübadiləsi  aparılıb.

 

İşçi qrupunun növbəti iclasının sentyabr ayının əvvəllərində keçiriləcəyi qərara alınıb.

 



20.08.2020 | 16:13