“3 ildir məktəbdə yenidən çalışa biləcəyim günü gözləyirəm ”

Leyla Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 2009-2013-cü illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. İlk dəfə 2013-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb. Həmin nəticə ilə yaşadığı Saatlı rayonundakı Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə işə başlayıb. 2016-cı ildə yerdəyişmə ilə Bakı şəhərindəki məktəblərdən birində fəaliyyətini davam etdirmək istəsə də, əldə etdiyi 54 bal hədəfindəki məktəblər üçün az olub. Sonrakı illərdə keçirilən müsabiqələrdən də uğursuz çıxan L.Ağayevanın balı az olmasa da, daha güclü rəqiblərlə mübarizədə yetərsiz qalıb.

 

Əsl arzusundan - müəllim kimi sinfə girmək, şagirdlərlə ünsiyyət qurmaq, sevib-sevilmək istəyindən isə heç vaz keçməyib: “3 il pedaqoji stajım olsa da, sinfə girə bilmirəm. Nəhayət, bu il ən yüksək nəticə əldə etdim. 60 bal topladığıma çox sevinirəm. Çünki düz 3 ildir, məktəbdə yenidən çalışa biləcəyim günü gözləyirəm”.

 

İmtahan testindən məntiqlə bağlı sualların çıxarılması ürəyindən olmayıb: “Müəllimlərin işə qəbulu imtahanlarında hər il məntiqdən hazırlaşmadan, 9-10 suala cavab yazırdım. Bu il metodikaya aid daha çox sual olacağı isə o demək idi ki, daha çox hazırlaşmalıyam. Ona görə də 3 ay gecə-gündüz demədən çalışdım. İxtisasa özüm hazırlaşsam da, metodikadan dəstək aldım. Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənovun onlayn qruplarına qoşuldum”.

 

Bu hazırlıqlar bəhrəsini verib. O, imtahanda çox çətinə düşməyib: “İxtisas sualları rahat görünsə də, diqqət tələb edirdi. Gördüyümüz standartdan kənar suallar da vardı. Çox maraqlı idi. Metodikadan olan suallar daha çox mahiyyətə əsaslanırdı, situasiya tipli idi. Bu da məni çox sevindirdi. Çünki öyrəndiyimiz metodikanı məktəbdə tətbiq edə biləcəyik”.

 

Leyla müəllim şərəfini ucaldan, sayılıb-seçilən müəllimlərdən olmaq istəyir: “Müəllimlikdə nəyi keçəcəyimiz yox, şagirdlərimizin nəyi öyrənəcəyi önəmlidir. İlkin müəllim bunu həmişə deyir və bu fikirlə tam razılaşıram. Əsas predmetimiz şagirdlər olmalı, dərsi onların üzərində qurmalıyıq. Düşünürəm ki, hər şagirdə fərdi yanaşmaqla onların ehtiyacını öyrənmək və dərsi daha səmərəli qurmaq olar. Niyyətlərimdən biri budur. Millətimizə, vətənimizə layiqli insanlar yetişdirmək işində mən də öz üzərimə düşəni etmək istəyirəm. Bu yolda nəinki təcrübəli həmkarlarımdan, valideynlərdən də dəstək almağı düşünürəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



21.08.2020 | 17:41