Canel Nəcəfli ABŞ-ı fəth etdi

Gənc skripkaçı  Canel Nəcəfli ABŞ-da keçirilmiş Boulder Bach Festival adlı mötəbər klassik musiqi yarışmasında növbəti uğura imza atıb. Gənc vituoz  39 ölkədən qatılmış 273 nəfərdən və "University" kateqoriyasında olan 49 iştirakçı arasında yarışmanın xüsusi mükafatına layiq görülmüş 10  nəfərdən biri olub.  Münsiflər və dinləyici rəğbətini qazanan C.Nəcəfli  2021-ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət alıb.  Qaliblərə  yaxın həftələrdə diplomlar təqdim olunacaq.  Xüsusi qürurverici məqam odur ki, dünyanın ABŞ kimi nəhəng dövlətində 39 ölkədən cəmi bir neçə ölkənin nümayəndəsi  münsiflərin müsbət rəyini  qazana  bilib və bu ölkələr arasında  Azərbaycanın  da adı  çəkilib… 

 

Əslən  Şuşadan olan Canel Nəcəfli  2002-ci ildə Bakı şəhərində anadan olub.  O, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  (BMA) təhsil alan istedadlı gənc musiqiçilərdən biridir. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərib.

 

Bülbül adına orta İxtisas Musiqi Məktəbində təhsil aldığı dövrdən müxtəlif   konsert və beynəlxalq müsabiqələrdə cıxış edib. Hazırda BMA-nın simli alətlər kafedrasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə II kurs tələbəsidir.

 

İlk solo cıxışı 2014-cü ildən başlayıb. C. Nəcəfli 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festivalda iştirak edərək I yerə, 2016-cı ildə Cexiyada keçirilən “Josef Micka” adına festival-müsabiqədə Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diploma, 2016-cı ildə  “Rodniki duşi” adlı Respublika müsabiqəsində I yerə, 2016-cı ildə Bakı şəhərində keçirilən “Futures Stars” adlı Beynəlxalq müsabiqədə I yerə layiq görülüb. 

 

C. Nəcəfli 2016-cı ilin may ayında V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalın iştirakçısı olub. 2017-cı ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxalq müsabiqəsinə qatılaraq  I yerə layiq görülüb. 2018-ci ilin 28 Mart-1 Aprel tarixlərində Brüsseldə keçirilən “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqədə çıxış edib və III yeri qazanıb.  Məhz bu diplom ona BMA-da müsabiqədənkənar təhsil almağa şans verib.  Onu da qeyd edək ki, Canel 2019-cu tədris ilində musiqi üzrə müsabiqədənkənar ali təhsil ocağına qəbul edilmiş yeganə tələbə olub.
Gənc ifaçı  2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsində iştirak edərək I yeri tutub.  
2019-cu ilin fevral ayında Bakı şəhərində keçirilən Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsində, eləcə də 2020-ci il 17-24 fevral tarixlərində Bakı şəhərində keçirilən III Beynəlxalq “World Harmony” müsabiqəsində I yerə layiq görülüb.

 

Xalq artisti, professor Murad Adıgözəlzadənin rəhbərliyi və koordinatoru musiqişünas Ayla Zəkəriyyə tərəfindən ərsəyə gəlmiş “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilmiş konsertlərdə,  2018-ci ildə  X Qəbələ Beynəlxalq Festivalında, həmçinin  X Beynəlxalq Musiqi Festivalında solo çıxışları olub.
Canelin beynəlxalq musiqi müsabiqələrində uğurları dünyanın nüfuzlu münsiflərini heyrətləndirməkdədir.  Məşhur musiqi  xadimləri, beynəlxalq münsiflər  onun  haqqında ən yüksək fikirlər səsləndiriblər: 

 

Muhammedjan Turdiyev (Türkiyə) “Grumiaux” müsabiqəsinin  münsifi:

 - “Grumiaux” yarışmasında Canelin ifası hamımıza çox gözəl təsir bağışladı. Onun aydın musiqi və skripka qabiliyyəti var. Perspektiv görünür və ümid edirəm ki, yaxın gələcəkdə özünü musiqi dünyasında tanıdacaq.

 

Roman Fedçuk (Çexiya) Canelin indiki əcnəbi müəllimi:

 - Canellə ilk tanışlığımız Brüsseldəki “Grumiaux” müsabiqəsində oldu. O, çox kövrək bir qız kimi görünürdü və lakin ifası tam temperamentli, dəqiq, zəngin idi. Məqsədyönlü,  çox böyük perspektivə malik valehedici ifa… Bu il Caneli öz sinfimdə salamlamaq mənə çox xoş oldu, qarşıda bizi maraqlı və məhsuldar işlər gözləyir; gələcəyə böyük ümid və sevinclə baxıram. Canelin  mütləq parlaq və uğurlu gələcəyi var. Gələcəkdə onu təkcə gözəl bir skripkaçı deyil, eyni zamanda gözəl musiqiçi kimi görürəm və bunu ürəkdən arzulayıram.

 

İqor Tkaçuk (Belçika) “Grumiaux” müsabiqəsinin münsiflər heyətinin sədri:

 -Düşünürəm ki, Canel kimi tələbələr üçün yaxşı müəllim olmaq çətin deyil. Onun məqsədyönlülüyü, əziyyəti və çalışqanlığı skripka ifasında istədiyi nəticəni asanlıqla əldə etməyə kömək göstərir. Heç kimə sirr deyil ki, musiqi alətində ifa edən şəxs özünün duyğu və emosional hisslərini ifadə edir. Canelə gəldikdə, bu hisslərin dərinliyi və səmimiliyi dinləyiciləri cəlb edir və bir sənətçi kimi ona inanmağa məcbur qoyur.  Bununla yanaşı, o, skripkaçı üçün ən vacib keyfiyyətlərdən olan səsin gözəlliyini hiss etmək qabiliyyətinə malikdir. Və bu rəngarəng palitra onun ifasını daha da rəngarəng və maraqlı edir. Sözlərimin təsdiqi münsiflər heyətində olduğum Beynəlxalq “Grumiaux”  Skripka müsabiqəsində əminliklə əldə etdiyi mükafatdır.

 

Nazim Azadoğlu (Türkiyə) Azad Əliyev adına I Beynəlxalq Violinçilər Müsabiqəsinin Münsiflər Heyətinin üzvü:

 - Azad Əliyev adına 1-ci Beynəlxalq Violinçilər Müsabiqəsində doğma Bülbül  adına məktəbin şagirdlərinin bir ulduz kimi parladıqlarını görmək şəxsən mənə böyük bir hədiyyə oldu. Xüsusilə onlardan biri - gənc Canel Nəcəfli  yaddaşıma həkk olundu. Canel  17 yaşı olmasına baxmayaraq, özünə xas interpretasiyası ilə  bizləri heyrətləndirdi,  öz yaş qrupunda laureat adına layiq görüldü.  Musiqi ənənələri ilə zəngin respublikamızda yeni istedadlar kəşf etmək və yeni adların yüksəlişini görmək məni bir musiqiçi kimi hər zaman sevindirib. Fədakar əməyinə görə Canelin müəllimi Fatimə İdyatulinaya öz dərin minnətdarlığımı bildirirəm.  Canelə də qələbələrinin və yaradıcılıq müvəffəqiyyətlərinin davamını arzulayıram. Qoy, belə ulduzlardan musiqi səmalarında daha çox olsun!

 

Fabio Lamborghini,  İtaliyadan olan münsif:

 - Canel Nəcəfli ilə  Bakıda “Testene Art” musiqi yarışmasında tanış oldum. Onun çox yüksək səviyyədə məharətli ifa etdiyi musiqi çıxışlarını hamımız yüksək dəyərləndirdik və parlaq bir gələcək üçün potensialının olmasını düşünürük. Müsabiqədə 15 yaşlı  Canelin kubokunu və medalını şəxsən  təqdim etmişəm. Ən qısa zamanda mükəmməl və maraqlı çıxışlarını bir daha görməyə ümid edirəm…

 

C.Nəcəfli istedadlı musiqiçi olaraq gələcəkdə də Azərbaycanın adını müxtəlif beynəlxalq müsabiqə və forumlarda yüksəklərə qaldıra biləcək gənclərimizdəndir.
Onun ən böyük arzusu uşaqlıqdan ayrılmadığı skripkasını Vətəni Şuşadan səsləndirməkdir! Bu, bütün Azərbaycanın və Azərbaycansevərlərin başlıca arzusudur. 

 

Uğurların bol olsun, Canel! 

 

Oruc  MUSTAFAYEV

 



23.08.2020 | 10:11