Uşaqlara qarşı daha həssaslıqla...

Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir.

 

Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa bir-birimizlə canlı ünsiyyət qurmaqdan ehtiyat edəcək, həyat dolu günlərimizdən uzaq düşəcəyik.  Artıq neçə aydır ki, insanın-insandan qaçdığı bir dövrü yaşamaqdayıq.  Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də məlum vəziyyətlə bağlı təhsil sahəsində yaşanan çətinliklərdir. 2020-ci ilin martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Neçə müddətdir ki, şagird səsinə həsrət qalan məktəblərdə,  boş sinif otaqlarında səssizlik hökm sürür.

 

Qeyd etdiyimiz kimi, pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin  reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə  müvəffəq olundu. Belə ki, təhsil müəssisələrinin bağlandığı zaman nazirlik tərəfindən 2 telekanalda teledərslərə start verilməsinin, “Virtual məktəb” layihəsinin həyata keçirilməsinin, bunlarla yanaşı, müəllimlərin öz şagirdlərinə onlayn dərslər keçməsinin təhsilin davamlılığında, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rolu danılmazdır.

 

Ancaq etiraf edək ki, bu gün istər müəllimlər, istərsə də şagirdlər sinifdəki  fəal təlim mühiti, canlı ünsiyyət, aktiv müzakirələr, debatlar və digər müxtəlif səpgili tədbirlərdə iştirak etmək üçün darıxıblar. Hamı yenidən öz təhsil müəssisəsinə dönəcəyi günləri gözləyir...

 

Onu da xüsusi qeyd edək ki, məhz Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən vaxtında həyata keçirilən uzaqgörən və qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda yeni növ koronovirus COVID-19 pandemiyası digər ölkələrlə müqayisədə daha az fəsadlarla keçməkdədir. Ümid edirik ki, ölkə başçısının  bu istiqamətdə reallaşdırdığı işlər nəticəsində biz bu bəladan minimum zərərlə qurtularaq normal həyatımıza dönəcəyik.

 

Həmsöhbətimiz  olan “Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqları Nərmin Abbasova və Mehriban Verdiyeva ilə pandemiyanın  uşaqlara psixoloji baxımdan təsiri, şagirdlərin onlayn dərslərdə iştirakı, valideyn-övlad münasibətlərinə və digər psixoloji məqamlara toxunacağıq.

 

Dünya gözəgörünməz bir təhlükə ilə üz-üzədir 

 

 

 

Psixoloq Nərmin Abbasova deyir ki, artıq  neçə müddətdir ki, bütün dünya gözəgörünməz bir təhlükə ilə üz-üzədir:  “Öncə onu qeyd edim ki, pandemiya uşaqlarla yanaşı, böyüklərə də psixoloji olaraq mənfi təsir göstərdi. Artan pandemiya dövründə insanların özlərini emosional olaraq tükənmiş hiss etmələrinin ən böyük amili yaşadıqları stressdir.  Onların həyat tərzlərini dəyişməsi nəticəsində bir sıra narahatçılıqları yarandı ki, bu da stressə gətirib çıxardır. Özünün və ya yaxınının xəstəliyə yoluxması, vəziyyətin gözlənilməz olması, yaxın gələcəkdə nələrin olacağı haqqında heç bir məlumatın olmaması insanlarda ruh düşkünlüyünə səbəb olur. Son aylarda yaşadıqlarımız, təbii ki, ailələrdə böyüyən uşaqların da psixologiyasında özünü büruzə verməkdədir. Çünki artıq onlar uzun illərdir ki, adət etdikləri rejimdən daha bir fərqli həyat yaşantısına keçiblər”.

 

 

 

Dərs mühitinin evdə yaşanması

 

Bütün dünyada olduğu kimi, bizim ölkədə də karantin rejimi tətbiq olundu. Və mart ayından ölkənin təhsil müəssisələrində tədris prosesi dayandırıldı.  Çətinliklərə baxmayaraq uşaqlar təhsildən qalmadılar. Belə ki, dərslər onlayn keçirilməyə başladı və sanki ev onlar üçün məktəbə, sinif otağına çevrildi.  Psixoloq  söyləyir ki,  uşaqların yeni ənənəvi olmayan tədris formasına alışmalarını da  stress amili kimi qeyd etmək olar, ona görə ki, hər şagirddə bu uğurlu olmur: “Mən düşünürəm ki, burada valideyn məsuliyyəti və məsələyə həssas yanaşma  xüsusi rol oynayır. Məhz onlar evdə  uşaqlara uyğun şərait yaratmalı, keçilən dərslərlə maraqlanmalıdırlar. Şagirdlər  ev şəraitində olduqları üçün müəllimlə əlavə ünsiyyət fürsətləri olmadığından dərs zamanı yaranan çətinlikləri valideynləri ilə bölüşə bilməli, onlardan düzgün məsləhət almalıdırlar. Uşaq hər hansısa mövzunu anlamaqda çətinlik yaşaya bilər və bu normaldır.  Bu zaman şagird, əgər valideyni tərəfindən dəstək görməsə,  onun motivasiyası düşə bilər”. Həmçinin valideynlər uşaqlarına elə şərait yaratmalıdırlar ki,  onlar üçün ev sadəcə dərsdən ibarət olmasın, eyni zamanda özlərini rahat və sərbəst hiss edəcəkləri bir yer  olsun.

 

Bu neçə ayda yaşadığımız təcrübə göstərdi ki, bəzən uşaqların  onlayn dərs keçdiyi zamanlarda  evdə tədris prosesi üçün düzgün seçilməyən mühit  onlara  bir sıra çətinliklər yaşatdı. Şagirdin  dərsini dinləməsi və diqqətinin yayınmaması üçün otağı və ya bu imkan yoxdursa, ən azı  heç kimin müdaxilə etməyəcəyi sakit bir guşəsi olmalıdır. Valideynlərin dərsə müdaxiləsi arzuolunmazdır, əks halda şagird dərs prosesi zamanı çəkinə, fəal iştirak etməyə və ya diqqəti yayına bilər. Onlayn dərslərdə əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz  uşaqların fikirlərini cəmləyərək monitora - müəllimin söylədiklərinə fokuslanmasıdır.

 

Ailələrdə yaşanan aqressiya uşaqlara çox pis təsir göstərir

 

Təbii ki, bu situasiyada (pandemiyanın yaşatdığı çətinliklər) valideynlərin üzərinə böyük bir məsuliyyət düşür. Çox təəssüf ki, bəzi valideynlər qayğı və narahatlıqlarını, yaşadıqları problemləri  birbaşa uşaqlarına yansıdırlar ki, bu da səhv bir hərəkətdir. Ailələrdə yaşanan  aqressiya burada böyüyən uşaqlara pis təsir göstərir. Və belə uşaqların onlayn dərs keçən zaman fikirləri dağınıq olur, onlar diqqətlərini cəmləyə bilmirlər.

 

Psixoloqun sözlərinə görə, uşaqlar  hər bir situasiyaya tez uyğunlaşa bilərlər,  yetər ki, onlara baş verən prosesləri düzgün şəkldə anlatmağı bacaraq. Bizim vəzifəmiz  yaşadığımız nə olursa-olsun təmkinimizi  itirməmək və uşağımızın yanında olaraq baş verən istənilən çətinlikləri dəf etməkdir. Yaşca bir qədər böyük uşaqlar valideynlərinin qorxularını başa düşə və onlarla birlikdə vəziyyətdən çıxış yolunu müzakirə edə bilərlər. Kiçikyaşlı uşaqlar isə yaşanan çətinlikləri və yaxud hansısa bir problemi dərk və təhlil etməyi bacarmasalar belə, ailədəki gərgin  atmosferi hiss edirlər.

 

N.Abbasova söyləyir ki, valideynlər həyat tərzlərinin dəyişdiyini başa düşürlər və illər ərzində inkişaf etdirilmiş sistemi tez bir zamanda yenidən tamamilə fərqli şəkildə qurmağa çalışırlar. Artıq uşaqlar da yaşadıqları bu fərqli mühiti anlamaqdadırlar.  

 

Yaşadığımız pandemiya dövründə  ailə ənənələri köməyə gələ bilər

 

Valideynlərə pandemiyanın uşaqlarda psixoloji travma yaratmaması üçün bir sıra tövsiyələr verən Nərmin Abbasova yaşadığımız bu dövrdə  narahatlıq pozğunluğu  olan insanların sayının artmasının heç kəsə sirr olmadığını qeyd edir.  Sual oluna bilər ki, narahatçılığı azaltmaq üçün nə etməliyik?

 

Həmsöhbətimiz öncə yuxu və gündəlik rejimə diqqətin artırılmasının vacibliyini önə çəkir. Deyir ki, koronovirusun yayılması ilə bütün dünyada  pandemiyanın doğurduğu karantin şəraitində uşaqlar evdə, sosial təcrid və az ünsiyyət şəraitində daha çox smartfon, tablet və ya kompüterlə vaxt keçirərək açıq hava əyləncələrini  bunlara dəyişməli olublar. Məhz xarici mütəxəssislər də bu şərtlər altında böyüyən uşaqların əqli və fiziki sağlamlığında, immunitetlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan yuxu rejimində bir sıra dəyişikliklərin baş verdiyini qeyd edirlər. Bununla bağlı aparılan bir sorğu və araşdırma nəticəsində məlum olub ki, valideynlərin pandemiyaya görə uşaqlara daha çox zaman ayırmaları, onlara qayğı, nəvaziş göstərmələri, ailələrin birlikdə əyləncəli vaxt keçirməsi  ümumilikdə uşaqların yuxu rejiminə, sinir sisteminə və psixoloji durumuna müsbət təsir göstərib.

 

Psixoloqun sözlərinə görə, bizdə ailə ənənələrini yaşadanların sayı kifayət qədərdir. Ailəcə şam yeməyi  və ya çay içmək,  həftə sonları stolüstü oyunlarla məşğul olmaq insanların əhvali-ruhiyyəsinə müsbət təsir edən amillərdəndir.  Bildirir ki, stressdən uzaq olmaq üçün  karantim rejiminin qaydalarına əməl etməklə təmiz havada qısamüddətli yürüşlər etmək, ailə ilə maraqlı bir vaxt keçirmək, birlikdə film seyr etmək hər bir kəsə xoş anlar yaşada bilər.

 

Onu da əlavə edir ki, bunlarla yanaşı, bəzən bütün ailə üzvləri, uşaqlar belə, özləri ilə tək qalmağı bacarmalıdırlar. Hüdudları qurmaq vacibdir. Bunun üçün hər kəsin tək qala biləcəyi  bir otağın və ya sakit bir yerin olması mütləqdir. Xüsusilə yeniyetmələr üçün belə bir şəraitin yaradılmasına diqqət verilməlidir.

 

Nərmin Abbasova  həmçinin valideynlərə  övladlarının uzun müddət kompüter arxasında səmərəsiz vaxt keçirməsinə nəzarət etməyin, bununla bağlı müəyyən məhdudiyyətlərin qoyulmasının vacib olduğunu söyləyir.

 

Məktəb psixoloqlarının da valideynlərlə  videoformatda görüşlərinin keçirilməsi faydalı sayıla bilər

 

Psixoloq deyir ki, əgər dərslər yenidən onlayn keçirilərsə məktəb psixoloqlarının valideynlərlə  videoformatda görüşlərinin təşkili hər iki tərəf  üçün faydalı sayıla bilər. Hər kəs bu çətin dövrdən psixoloji baxımdan daha  az travma ilə çıxması üçün birlikdə səy göstərməlidir. Valideynlər uşağının bütün hərəkətlərinə tam nəzarət edə,  jurnal və dərs proqramına baxa, müəllimlə və məktəb psixoloqları ilə  əlaqə saxlaya bilər: “Valideyn narahatçılıqlarını əgər psixoloqa bildirmək arzusunda olarsa və birgə işin  aparılmasında maraqlıdırsa  niyə də  videoformatda  görüşlər təşkil olunmasın? Bu baxımdan, distant təhsil ünsiyyət üçün digər imkanlar açır”.

 

Nərmin Abbasova  onlayn tədrisin orta təhsil müəssisələri üçün yeni olmasına baxmayaraq təhsilverənlərin bunun öhdəsindən uğurla gəldiklərinin şahidi olduğunu deyir. Müəllimlərin ənənəvi tədris zamanı şagirdlərin sinifdə alışdığımız fəallığını, səmimi ünsiyyəti onlayn tədrisə  gətirmək cəhdlərini alqışlayır. Bildirir ki, çox çətin olsa da bizim müəllimlərimiz bu istiqamətdə düşünür, daha effektiv yollar axtarırlar.

 

İnsanlar artıq  yeni davranış modelinə alışmaqdadırlar

 

 

Digər həmsöhbətimiz psixoloq Mehriban Verdiyeva qeyd edir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası sürətlə bütün ölkələrə yayılaraq, insanların gündəlik rejimini dəyişdi. İlk vaxtlar insanlar yeni davranış modelinə öyrəşməkdə çətinlik çəksələr də artıq buna alışmaqdadırlar: “Təbii ki, alışmadığımız tamamilə fərqli bir yaşam tərzi böyüklərlə yanaşı uşaq psixologiyasına təsirini göstərdi. Uşaqların öncədən qurulmuş rejim və stabilliyi dəyişdi ki, bu da onların psixologiyasına  təsirsiz ötüşmədi. Bizim uzun illər idi ki,  öyrəşdiyimiz həyat tərzimiz, eləcə də  uşaqlarımızın  bəlli bir rejimi var idi. Məsələn, şagirdlər səhərlər məktəbə gedib, evə gəlir, nahar edib, bir qədər dincəldikdən sonra  sabahkı dərslərinə  hazırlaşırdılar. Və yaxud dostları ilə görüşür, dərnəklərə, hazırlıqlara gedirdilər.  Bunları edə bilmədikləri  üçün ilk vaxtlar diskomfort yaşayırdılar. Bu dəyişikliklər adətən gündəlik vərdişlərdən (əl-üzünü yumaq, saclarını daramaq və s.)  imtina etmək kimi hesab edilərək yuxu pozulması, iştahsızlıq,  ruh düşkünlüyü kimi özünü büruzə verə bilər”. Psixoloqun sözlərinə görə, uşaqlar belə rejim dəyişikliyinə ani reaksiyalar verirlər və  bunların birbaşa emosional sferasına təsir göstərir.

 

 

Bütövlükdə isə insanlar özlərinin təcrid olunduğunu görərək, depressiv hallar yaşayırlar. Bütün ailə üzvləri daim evdə olduğu üçün onlarla gərginlik yaşanır. Mehriban Verdiyeva qeyd edir ki, bütün dünyada olduğu kimi, bizim ölkədə də karantin rejimi tətbiq olunduqdan sonra təhsil müəssisələrimizdə tədris  prosesi dayandırılsa belə, uşaqlar təhsilsiz qalmadılar. Televiziya kanallarımızda teledərsləri izləməklə yanaşı, “Virtual məktəb” layihəsinə qoşuldular. Onlara eyni zamanda oxuduqları təhsil müəssisələrinin müəllimləri tərəfindən keçdikləri fənlər üzrə onlayn dərslər tədris olunmağa başladı. Beləliklə,  uşaqlar təhsildən ayrılmadılar: “Etiraf edək ki, sərt karantin rejiminin başladığı ilk vaxtlarda bəzi uşaqlar  məktəblərin bağlanmasına sevinirdi. Ancaq müəyyən müddət keçdikdən sonra onlar məktəb, müəllimləri, sinif yoldaşları, həmyaşıdları üçün darıxmağa başladılar. Artıq uşaqlarda yenidən məktəbə getmək istəyi yaranırdı. 24 saat evdə təcrid olunmaq, dostlarla canlı ünsiyyətdə olmamaq, onlayn dərslər, bir sözlə, uşaq üçün adət etmədiyi  situasiya onda stressə səbəb olurdu”.

 

Məcburiyyətdən irəli gələn bu qadağaların birbaşa insan sağlamlığının qorunması üçün ən optimal düzgün bir qərar olduğunu söyləyən psixoloq onlayn təhsilin müsbət tərəflərini də önə çəkdi. Deyir ki, nə qədər qəribə də görünsə, məktəbdə utancaqlığı ilə seçilən, dərslərdə passiv olan uşaqlar  evdə valideynlərinin yanında özlərini  təhlükəsiz hiss etdiklərindən  onlayn dərslərdə aktivliyi ilə seçiliblər.

 

Uşağınızın psixoloji cəhətdən sağlam böyüməsini istəyirsinizsə...

 

Mehriban Verdiyeva bildirir ki, valideynlərin  yalnız karantin dövründə deyil, adi həyatda da uşaqlarının üzərində təsiri vardır. Belə ki, bəziləri hər hansı bir problemlər yaşadıqları zaman gərginlik  və narahatlıqlarını özləri də bilmədən uşaqlarına ötürürlər. Bu zaman uşaqlar ailədə yaşanan gərginlikdən əsəb, stress keçirir  ki, bu da nəticə etibari ilə onlarda psixi travmaya gətirib çıxarır. Baş verən ailədaxili gərginliklər uşağın həyatında, davranışlarında, dostları ilə rəftarında da  hiss olunmağa başlayır. Onlarda dərslərdə diqqətin yayınması, təhsildə geriləmə, əsəbilik, ünsiyyət pozğunluğu və s. problemlər müşahidə olunur. Əgər uşağın psixoloji cəhətdən sağlam böyüməsini istəyiriksə, ilk növbədə, valideyn psixoloji rahatlıq tapmalıdır ki, övladına neqativ düşüncələrini ötürməsin.

 

Unutmayaq ki, uşaqlar böyüklərin yalnız büruzə verdikləri emosional sıxıntı əlamətlərini  (əsəb, qışqırıq) hiss etməklə yanaşı, həm də büruzə vermədikləri əlamətləri hiss edə bilirlər. Siz hər nə qədər gizlətməyə çalışsanız belə, uşaq hiss edəcək ki, bəzi şeylər qaydasında deyil. O səbəbdən əgər siz narahatsınızsa- uşaq da narahat olacaq, əgər əsəbisinizsə - uşaq qorxu və günahkarlıq hissi yaşayacaq.

 

Psixoloq vəziyyətdən çıxış yolu kimi valideynlərə aşağıda qeyd olunan bir sıra nüanslara diqqət yetirməyi tövsiyə edir.

  • * Hər şeyi olduğu kimi  saxlamaq vacibdir. Yuxu rejimi, yemək qəbulu, ev oyunları, sevdiyi cizgi filmlərini izləmək və s. Bu, daim təkrarlanan vərdişlərin saxlanılması  uşaqların həyatına stabil davam etməkdə kömək edəcəkdir. İlk mərhələdə xoş məqamlara daha çox vaxt ayırmağa çalışın. Övladlarınızın sevdiyi yeməkləri bişirin, cizgi filmlərə əvvəlkinə nisbətən daha çox baxmağa icazə verin və s.
  • * Uşağa yaranmış vəziyyətin səbəblərini açıqlayın, bu dövr üçün yaranmış yeni davranış qaydalarını müzakirə edin. Vəziyyəti ifadə edən qısa və ümumi cümlələrdən istifadə edin (məsələn: Biz indi küçəyə az  çıxmalıyıq,  çünki xəstələnə bilərik... Küçəyə yalnız həkimlər, satıcılar, polislər və şəhərə kömək edən insanlar çıxa bilər...Belə hallar çox nadir baş verir və biz evdə qalsaq yaxşı olar). İndiki mərhələdə bu açıqlama kifayət edə  bilər. Uşaq bunu düşünüb, yaranmış suallarını verəcək. Uşağa doğruları onun başa düşə biləcəyi tərzdə söyləyin.
  • * Uşaqla güvənli münasibət qurmağa çalışın. Bu onu narahat edən məsələləri sizinlə birlikdə müzakirə etməyə imkan verəcək. Unutmayın ki,  baş verənləri uşaq fərqli mənbələrdən onsuz da öyrənir. İnternetdən, yaşıdlarından və öyrəndiyi məlumatlardan həqiqətdən uzaq və şişirdilərək qorxuducu xarakter almış ola bilər. Məhz buna görə uşağa  onun başa düşə biləcəyi dildə  hər şeyi izah etmək lazımdır.
  • * Əvvəlki vərdişləri, yeni tərzlə əvəz edin. Məsələn, qonaq getməyi onlayn görüşlə əvəz etmək olar. Yeni imkanlardan yararlanın. Uşaqlara  videozənglə dostlarla birlikdə ev tapşırıqlarını yerinə  yetirmək üçün şərait yaradın.  Övladlarınızla onlayn muzey, teatr, sərgilərdə və s. iştirak edərək  təəssüratlarınızı bölüşün.

 

Nə etmək lazım deyil?

 

  • * Uşağın hər hansı bir situasiya ilə bağlı köməksiz adaptasiya olmasını gözləməyin. Onun  sizin qayğınıza, diqqətinizə və anlayışınıza ehtiyacı var.
  • * Uşağın yaranmış çoxsaylı suallarına qarşı səbrli və təmkinli olun.
  • * Hər şeyi olduğu kimi  saxlamaq, uşağa heç nə izah etməmək olmaz.
  • * Uşaqdan daha yüksək gözləntilər gözləməyin.

 

Samirə KƏRİMOVA



28.08.2020 | 10:54