Məktəblilərin virtual astronavt yay məktəbinə yekun vurulub

1-5 sentyabr tarixlərində keçirilən "Məktəblilərin virtual astronavt yay məktəbi” layihəsinə yekun vurulub.

 

Layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “Tusi-Bohm Planetarium”-un təşkilatçılığı, “Azərkosmos” ASC, Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası, Beynəlxalq Astronomiya İttifaqının Azərbaycan Nümayəndəliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib. 

 

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan yay məktəbinin əsas məqsədi astronomiya, astrofizika, ekologiya, biologiya, fizika, yaradıcı dizayn və mühəndislik sahələrində gənclərin bilik və bacarıqlarının artırılması, həmçinin yekunda astronomiya və astrofizika üzrə yüksək nəticə göstərən 50 məktəblidən ibarət “Azərbaycanın Gələcək Astronavtlarının ilk kosmik komandası”nın yaradılmasından ibarət olub. Elmi potensial imkanlarını və tədqiqat bacarıqlarını artırmaq məqsədilə 2020-2021-ci tədris ili boyunca sözügedən komandanın beynəlxalq astronomiya, ekoloji layihə və olimpiadalarda iştirakı nəzərdə tutulur.

 

Yay məktəbinin proqramına “Kosmik biologiya”, “Ulduzların həyatı”, “Peyklər və Azərbaycanın peykləri”, “Yeri kosmosdan öyrənək”, “Astronomiya”, “Həyatımızdakı “Fizika”” kimi mövzular daxil edilib və “Azərkosmos” ASC-yə, Şamaxı Astrofizika Rəsədxanasına və Milli Aviasiya Akademiyasına virtual turlar keçirilib.

 

5 gün ərzində keçirilən məktəblilərin virtual astronavt yay məktəbində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, “Tusi-Bohm Planetarium”-un direktoru Famil Mustafa,  Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Bakı Dövlət Universitetinin astrofizika kafedrasının müdiri Kəmalə Alışeva və digər rəsmi şəxslər məruzələrlə çıxış ediblər.

 

Sözügedən yay məktəbi sosial şəbəkələrdə canlı yayımlanaraq gənclərin proqrama qoşulması və  yararlanması üçün imkan yaradılıb. Proqrama Bakı ilə yanaşı respublikanın regionlarından da məktəblilər qoşulublar.

 

 



07.09.2020 | 15:27