39 adda qədim əlyazma və çap kitablarının təqdimatı

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində muxtar respublikanın Mədəniyyət Nazirliyi tərəfindən bu elmi qurumun Əlyazmalar Fonduna hədiyyə edilən qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin, mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Alim daim dövlət qayğısı ilə əhatə olunan Əlyazmalar Fondunun 15 il ərzində muxtar respublikaya aid müxtəlif tarixi qaynaqları əhatə edən nəşrlərlə xeyli zənginləşdiyini deyib.

 

İ.Hacıyev Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının bölmənin Əlyazmalar Fonduna hədiyyə edilməsinin artıq ənənə halını aldığını deyib. Bildirib ki, fondun balansına daxil olan nümunələr əməkdaşlar tərəfindən bərpa edilir, cildlənir və onlara müəyyən gigiyenik xidmət göstərildikdən sonra sistemli tədqiqatlara cəlb olunur.

 

Sonra Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Azərbaycan xalqının özünün əvəzsiz yazı, əlyazma sərvəti ilə dünya mədəniyyətində layiqli yer tutduğunu deyib. Bildirib ki, bu gün tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim nümunələr xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva edir.

 

Qeyd olunub ki, Naxçıvan Bölməsinə hədiyyə edilən əlyazma və kitablar diyarın qədim tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətin elmi şəkildə, əhatəli formada öyrənilməsində, eyni zamanda təbliğində mühüm rol oynayacaq.

 

Daha sonra Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək tarix və mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin araşdırılması, qorunması, təbliğinin və gələcək nəsillərə ötürülməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu söyləyib.

 

Tədbirdə Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov bildirib ki, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərinə aid, Azərbaycan, ərəb və fars dillərində olan kitablar arasında Sədi Şirazinin “Gülüstan”, Rəşid bəy Əfəndiyevin “Bəsirətul-ətfal”, Bəhaəddin Məhəmməd Amilinin Məşədi Hacı tərəfindən çapı sifariş edilən “Cameyi-Abbasi”, Əli ibn Məhəmmədhəsən Təbrizinin “Pəncah hədis”, Hafiz Şirazinin “Qəzəliyyat”, “Zinətul-məcalis” və digər elmi, bədii, dini kitablar, həmçinin dərs vəsaitləri də yer alıb. Bunlar içərsində XX əsrin əvvəllərində Bakıda çap olunan H. Cavidin “Şeyx Sənan”, A. Şaiqin “İldırım”, Ə. Haqverdiyevin “Şeyx Şəban” və “Bəxtsiz cavan” kitabları da vardır.

 

F.Xəlilov nazirlik tərəfindən ötən dövr ərzində Əlyazmalar Fonduna ümumillikdə 100-ə yaxın qədim əlyazma və çap kitablarının verildiyini diqqətə çatdırıb. O, fond əməkdaşları tərəfindən nəşr etdirilən “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu”, “Türkdilli əlyazma və çap kitabları kataloqu”nu Mədəniyyət nazirinə təqdim edib. Bildirib ki, fondun balansına daxil edilən yeni kitablar da gələcəkdə hazırlanan kataloqlara salınacaq.

 

Sonda tədbir iştirakçıları fonda hədiyyə edilən qədim əlyazma və çap kitabları ilə yaxından tanış olublar.

 



10.09.2020 | 11:01