ADPU Quba filialında "Tələbə- rektor” layihəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 15 sentyabr - Bilik Günü münasibətilə “Tələbə - rektor” layihəsi həyata keçirilib.

 

Belə ki, filialın direktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə təhsil ocağının bir günlük idarəetməsi tələbələrə həvalə olunub.

 

Filialdan bildirilib ki, Tarix-coğrafiya müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Azər Zahirov rektor, Təhsildə sosial psixoloji xidmət ixtisasının 3-cü tədris ili tələbəsi Səyyad Nəcəfli tədris və elmi işlər üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Həcər Seyidəhmədova tərbiyə işləri üzrə direktor müavini vəzifələrini həyata keçiriblər.

 

Tələbə - rektor Azər Zahirov tələbə - müavinlərlə birlikdə filialda yeni tədris ilinə hazırlığın vəziyyəti ilə tanış olaraq dekanlara müvafiq tapşırıq və göstərişlərini verib. Onlayn təhsilin bütün tələbələr üçün əlçatan olması məqsədilə internet paketlərin hazırlanması üçün tyutorlara imkansız tələbələrin siyahısını hazırlamaq tapşırılıb.

 

Daha sonra yeni tədris ilində istifadəyə veriləcək auditoriya və struktur bölmələrin yerləşdikləri otaqların təmir bərpa-işlərinin vəziyyəti ilə tanışlıq  olub.

 

Təsərrüfat şöbəsinə auditoriyaların dərslərdən sonra ciddi dezinfeksiya edilməsi, əməkdaşların və ənənəvi qaydada təhsilə cəlb ediləcək birinci tədris ili tələbələrinin mövcud sanitar-gigiyenik, sosial izolyasiya qaydalarına ciddi əməl etmələrinə diqqət yetirilməsi tapşırılıb.

 

Sonda tələbə- rektor və tələbə- müavinlər filialın ərazisində yeni salınmış bağla tanış olub, ağaclara qulluq edilməsi üçün qruplar arasında iş bölgüsünün aparılması  tapşırığını veriblər.

 



17.09.2020 | 15:48