“Su qıtlığının qarşısını almaq üçün tək yol qənaətdir!”

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov su təminatı il əlaqədar videokonfrans formatında təşkil olunan görüşdə iştirak edib.

 

Tədbir Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Energetika nazirlikləri, “Azərsu” və “Azərkosmos” Açıq Səhmdar cəmiyyətləri, AMEA-nın Coğrafiya, Geologiya və Geofizika institutları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələrinin  iştirakı ilə keçirilib.

 

Coğrafiya İnstitutundan bildirilib ki, tədbirdə su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, hidroqovşaq, kollektor, suvarma kanallarının yenidən qurulması, ölkədə su ehtiyatlarının artırılması, bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, təkliflər  irəli sürülüb.

 

Görüşdə çıxış edən Məhərrəm Həsənov ölkədə labüd hal almış su qıtlığının və su itkisinin qarşısını almaq üçün suya qənaətin yeganə çıxış yolu olduğunu bildirib. O, eləcə də mövcud su anbarlarının lildən təmizlənməsinin zəruriliyini və yeni su anbarlarının yaradılması üçün  ərazi relyefinin dəqiq seçilməsinin vacibliyini qeyd edib.

 



29.09.2020 | 15:13