Tədrisin təşkili ilə bağlı yeni normalara dair brifinq

Sentyabrın 30-da ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair brifinq keçirilib.

 

Təhsil naziri Emin Əmrullayev əvvəlcə erməni vəhşiliyinin qurbanı olmuş iki məktəbli -  Fidan və Şəhriyar Qurbanovların vəfatını dərin təəssüf hissi ilə bir daha qeyd edərək erməni təcavüzünün təhsilimizə vurduğu zərbədən danışıb.

 

Təhsil naziri ötən illərin statistikası ilə yanaşı cari ilin iyul, sentyabr aylarındakı vəziyyət barədə məlumat verib. Qeyd edilib ki, cəbhəyanı ərazilərdə yerləşən 400-dən çox ümumi təhsil müəssisəsinin həftəlik dərs cədvəllərində dəyişiklik edilib.

 

Cari dərs ilinin pandemiya şəraitində təşkili məsələləri barədə danışan Təhsil naziri bildirib ki, məktəblərdə görülən tədbirlər - şagird sıxlığına nəzarət, dərslərin tədrisi formalarının dəyişdirilməsi, sanitariya-gigiyena qaydalarına riayət öz nəticələrini verməkdədir. Ötən dövr ərzində həm ölkə üzrə ümumi yoluxmaların azalması, həm də məktəbdə yoluxma hallarının olmaması nikbin qərarlar qəbul etməyə əsas verib. Belə ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarına uyğun olaraq, oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq. Məktəbəhazırlıq qruplarında sabahdan yarımqruplar şəkilində tədris prosesinə start veriləcək. Həmçinin 1 oktyabr tarixindən V-IX sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər.

 

Brifinqdə qeyd olunub ki, növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.  Ölkənin digər regionlarında yerləşən və  şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir. 15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər.

 

Diqqətə çatdırılıb ki, xüsusi, internat tipli xüsusi, inteqrasiya təlimli internat tipli məktəblərdə, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərində təhsil əyani formada davam etdirilir.

 

Brifinqdə teledərslərin əhəmiyyəti və onların izlənmə faizinin artırılması mühüm məsələ kimi vurğulanıb.

 

Həmçinin bildirilib ki, hərbi vəziyyətin tələblərindən irəli gələn internet xidmətlərindəki məhdudiyyət səbəbindən ali təhsil müəssisələrində tədris müvəqqəti dayandırılıb.

 

Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

 

 



30.09.2020 | 19:38