“Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” kitabının təqdimatı

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması istiqamətində kitabın elmi yükü ilə bərabər ictimai əhəmiyyətindən danışıb.  Tədqiqatı  Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dəyərli bir mənbə olaraq qiymətləndirib. Rektor Ali Baş Komandanın qətiyyəti və ordumuzun gücü sayəsində əldə edilən qələbələri də diqqətə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli qeyd edib ki, kitabda Cənubi Qafqaz əraziləri üçün yad, gəlmə etnos olan erməni toplumunun buraya yerləşdirilməsindən, onların regionun yerli əhalisinə qarşı deportasiya və soyqırım əməllərindən bəhs olunur:” Göstərilir ki, ermənilər məhz Rusiyanın Cənubi Qafqazda həyata  keçirdiyi imperiya siyasəti nəticəsində özgə xalqların torpaqlarını ələ keçirib burada qondarma dövlətlərini yarada biliblər”.

 

Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev söyləyib ki,  Sovet rəhbərliyi tərəfindən Cənubi Qafqazın erməniləşdirilməsi prosesi təkcə Ermənistanda və Azərbaycanda yox, digər bölgələrdə də gedirdi.

 

Sonda monoqrafiyanın müəllifi Ş.Məmmədov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dəstəyə görə minnətdarlığını bildirib,  gəncləri tarixi yaddaşımızı unutmamağa çağırıb.

 



15.10.2020 | 13:15