“Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi işıq üzü görüb

Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi işıq üzü görüb.

 

Jurnal cəmiyyətə daxil olan müxtəlif elmi təşkilatların nümayəndələrinin birgə səyləri əsasında təsis edilib və respublikada aparılan elmi-tədqiqat işlərinin maraqlı nəticələri ilə geniş auditoriyanı tanış etmək məqsədi daşıyır. Jurnalın baş redaktoru Azərbaycan Botaniklər Cəmiyyətinin sədri akademik Validə Əli-zadədir.

 

Qeyd edək ki, jurnalın əhatə dairəsi genişdir. Burada floristika, sistematika, taksonomiya, fotosenologiya, etnobotanika, introduksiya, botanika fiziologiyası, molekulyar biologiya, biotexnologiya və s. sahələrdə aparılan eksperimental tədqiqat işləri çap olunur. 

 

Jurnalın ilk nömrəsində Azərbaycanın beş elmi təşkilatından göndərilmiş 15 məqalə öz əksini tapıb.  “Azerbaijan Journal of Botany” üç dildə (azərbaycan, inglis, rus) və ildə iki dəfə dərc olunur.

 

Jurnala məqalə qəbulu il boyu Azərbaycan Botaniklər Cəmiyyətinin internet səhifəsinə (www.botany.az) yerləşdirilmiş təlimat üzrə həyata keçirilir. Qeyd edək ki,  növbəti  nömrəyə məqalə qəbulu yaxın günlərdə başlanacaq.

 

 



15.10.2020 | 16:38