BDU-nun rektoru III Avrasiya forumunda iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Təhsildə Keyfiyyət Təminatı Müstəqil Agentliyinin (IQAA) ali təhsildə keyfiyyətin təmin edilməsi üzrə keçirdiyi III Avrasiya onlayn forumunda iştirak edib.

 

BDU-dan verilən məlumata görə, forum hazırda bütün dünyada təhsil sisteminin ən aktual problemlərindən biri olan “Pandemiya şəraitində məsafədən təhsil: tədris, təlim və qiymətləndirmə” məsələlərinə həsr edilib.

 

Forumda Azərbaycanla yanaşı, dünyanın 15 ölkəsindən (Avstriya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Misir, Qırğızıstan, Litva, Mauritius, Polşa, Rusiya, Sloveniya, Ukrayna, Özbəkistan, Estoniya və s.) 38 xarici təşkilatın nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan IQAA Müşahidə Şurasının sədri, professor, iqtisad elmləri namizədi Jaksıbek Kulekeyev mövcud pandemiya şəraitinin ali təhsilin inkişafı naminə  yeni strategiyalar hazırlamaq, müasir təhsilin inkişaf mərhələsinə yenidən nəzər salmaq, yaxın gələcəkdə qarşıya hansı vəzifələrin qoyulacağını müəyyən etmək üçün əlverişli şərtlər ortaya çıxardığını deyib.

 

IQAA prezidenti Şolpan Kalanova forum iştirakçılarını salamlayıb, hər kəsə konstruktiv dialoq və effektiv qarşlılıqlı fəaliyyət arzulayıb.

 

BDU-nun rektoru Elçin Babayev forumda “Pandemiya şəraitində Bakı Dövlət Universitetində tədris prosesinin təşkili” adlı məruzə ilə çıxış edib.

 

Rektor məruzəsində COVID-19 pandemiyası şəraitində universitetdə tədrisin davamlılığının təmin edilməsi məqsədilə 2020-ci il 18 mart tarixindən başlayaraq Microsoft Teams platforması üzərindən onlayn tədris prosesinin başlandığını, həmçinin müəllim və tələbə heyətinin adıçəkilən platformaya inteqrasiyasının müvəffəqiyyətlə təmin edildiyini bildirib.

 

E.Babayev tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə BDU-nun məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupunun olduğunu nəzərə çatdırıb. Bildirib ki, BDU-da distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır, bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

 

Rektor Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın otuz ilə yaxındır  erməni işğalında qaldığını, hazırda bölgənin işğaldan qurtarılması üçün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımızın azad olması prosesindən də bəhs edib.  E.Babayev diqqətə çatdırıb ki, Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına riayət edir, mülki əhalini hədəf almır, Ermənistan tərəfi isə Azərbaycanın mülki əhalisini qəsdən hədəf alaraq ağır artilleriya zərbələrindən atəşə tutur, təxribatlar törədir.

 

Sonda E.Babayev bir daha forum iştirakçılarına bildirib ki,  Azərbaycan haqq yolundadır və hazırda öz ərazi bütövlüyünü bərpa edir.

 

Məruzələr dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Forum işini plenar iclasla və sessiyalarla davam etdirib.

 



20.10.2020 | 14:35