Riyaziyyat və kimya dərslikləri ilə bağlı müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzində (DİM) riyaziyyat və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.  

 

DİM-dən bildirilib ki, riyaziyyat fənni üzrə iclasın  gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.
 

Müzakirədən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-9-cu sinif “Riyaziyyat” dərsliklərinə baxılıb. Həmin dərsliklər  əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyənləşdirilib. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
 

Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

Kimya fənni üzrə işçi qrupunun  iclasında  isə qüvvədə olan  9-cu sinif dərsliyi əvvəlki ilin nəşri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

 

27 və 30 oktyabr 2020-ci tarixlərində kimya və riyaziyyat fənləri üzrə  müzakirələr davam etdiriləcək.

 

 



21.10.2020 | 10:00