Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahda keçirilən brifinqdə tədris və təlim-tərbiyə prosesi ilə bağlı suallara aydınlıq gətirib

Oktyabrın 30-da  Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahda xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlərə həsr olunmuş brifinq keçirilib.

 

Təhsil  naziri yeni tədris ilinin əvvəlindən təhsil müəssisələrinin fəaliyyətinin təşkili məsələsinə toxunaraq sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı nəticəsində respublikanın 20-yə yaxın bölgəsində tədrisin müharibə vəziyyətinə görə dayandırıldığını bildirib.

 

Nazir əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9  məktəbli həlak olub, 16 məktəbli xəsarət alıb, 50-dək təhsil müəssisəsinə zərər dəyib, bu müəssiəsələrdə tədrisi təşkil etmək mümkün olmayıb.

 

Təhsil naziri ölkədə pandemik situasiya və hərbi vəziyyət nəzərə alınmaqla oktyabrın 19-dan ölkənin ümumtəhsil sistemində ikihəftəlik tətil elan olunduğunu bildirib. Tətil müddətində verilmiş situasiya düzgün təhlili edilib və ən optimal qərar verilib.  Nəticədə  xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunması qərara alınıb.  Distant təhsilin təşkili uşaqların tətil dövründə tədrisdən kənarda qalması ilə müqayisədə  daha məqbul variant hesab olunur.

 

Brifinqdə bildirilib ki, tədris ilinin sonuna qədər təhsil bu və ya digər formada davam etdiriləcək. Pandemiya şəraitinin gedişindən asılı olaraq müəyyən mərhələdə əyani tədris bərpa oluna bilər.  Vəziyyət stabilləşdikcə, əvvəlcə ibtidai siniflər, daha sonra yuxarı siniflər həftədə 2-3 dəfə olmaqla məktəbdə əyani təhsil ala biləcəklər.

 

Daha sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Qeyd edək ki, Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb.

 

Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir. Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

 

Oruc MUSTAFAYEV

 



30.10.2020 | 13:37