BANM Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə növbəti dəfə ölkə lideri olub.

 

Belə ki, Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, BANM-in 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

 

Ali məktəb bu göstərici üzrə Respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixtisas qrupu üzrə isə lider olub.

 

İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet BANM  qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

 

Beləliklə, ali məktəbin ümumilikdə Prezident təqaüdçülərinin sayı 172 nəfərə çatıb.

 

Qeyd edək ki, 22 Prezident təqaüdçüsündən 11 nəfər BANM-in İnformasiya təhlükəsizliyi, 10 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 1 nəfər Kimya mühəndisliyi ixtisasını seçib.

 

Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı 683.9 olub.

 

Prezident təqaüdünə layiq görülən 14 tələbə Bakı, 8 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məktəblərinin məzunlarıdır.

 

Məlumat üçün bildirək ki, Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manata çatıb.

 



31.10.2020 | 11:10