Hədəf gənc tədqiqatçı alimlərin yetişdirilməsidir

Qlobal çağırışlar ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını zəruri edir. Yeni və həm də keyfiyyət dəyişikliklərinin əsasında isə ali təhsil sisteminin rəqabətliliyinin möhkəmləndirilməsi durur. Ali təhsildə rəqabətliliyin təmin olunması, ilk növbədə, universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən asılıdır. Bu hədəflərə çatmaqda 2018-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  mühüm rol oynayır.

 

Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

 

Qeyd edək ki, 2019-cu il noyabrın 13-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” təsdiq edilib. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq  edilmiş Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının (proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir. Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikasının vətəndaşları (namizədlər) sırasından seçilirlər. Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

 

Seçim meyarları

 

Proqram iştirakçılarının seçim meyarlarına görə namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqaməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə müvafiq qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olmalıdır.  Bundan başqa, namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması, namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması, namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin müəyyən edilən beynəlxalq reytinqlərin- “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması əsas şərtlərdəndir.

 

Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığı olmalıdır. Yəni dövlət hesabına doktorantura təhsili alan namizəd gələcəkdə mütləq Azərbaycan ali təhsil müəssisələrində çalışmalıdır. Təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları, namizədin məntiqi mühakimə yürütmək bacarıqları, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti əsas müsahibə meyarları hesab edilir.

 

Şəffaf seçim

 

Namizədin meyarlara uyğunluğu müvafiq qaydada təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən qiymətləndirilir. Namizədin meyarlara uyğunluğu şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndiriləcək. Namizədlərlə müsahibələri Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparacaq. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılacaq. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müsahibə komissiyalarına üzv olan nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edəcək.

 

Proqram iştirakçılarının xərcləri

 

Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən tələb olunan xərclər aiddir. Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilməyəcək. Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir. Aylıq yaşayış xərclərinə proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası müvafiq Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir. Tibbi sığorta xərclərinə gəldikdə isə, proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir.Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir.

 

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə edu.gov.az/upload/file/ELAN/2020/11/DXT-2021-yaz-smestri-elan.pdf səhifəsindən tanış olmaq olar.  Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

 

Oruc MUSTAFAYEV

 

 



20.11.2020 | 13:09