“Ermənilərin ekoloji terrorizmi”

Bakı Dövlət Universitetinin (BDU) coğrafiya və ekologiya, torpaqşünaslıq fakültələrinin  birgə təşkilatçılğı ilə “Ermənilərin ekoloji terrorizmi” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminarın moderatoru, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov  tədbirin məqsədinin  Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhəboyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, torpaqlarımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ictimaiyyətin məlumatlandırılması, aktual məsələyə elmi diqqətin cəlb edilməsi olduğunu bildirib.

 

Sonra BDU-nun “Fiziki coğrafiya” kafedrasının müdiri Yaqub Qəribov “Kiçik Qafqazın erməni təcavüzünə məruz qalmış  cənub yamacının landşaftlarının kosmik  tədqiqatlarla qiymətləndirilməsi”, “Bioekologiya” kafedrasının dosenti Məhluqə Yusifova “Azərbaycanın  işğaldan azad olunmuş ərazilərində ekoloji terrorun təzahürləri”, “Ekoloji kimya” kafedrasının müdiri Sevinc Hacıyeva “Ermənistanın vandalizmi və ekoloji terroru nəticəsində Azərbaycan təbiətinə və ətraf mühitinə vurulan zərər”, “Kriminalistika və məhkəmə ekspertizası”  kafedrasının müdiri Kamil Səlimov “Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlərin Beynəlxalq hüquqi məsuliyyəti”,  AMEA Coğrafiya İnstitutunun Turizm və rekreasiya şöbəsinin müdiri Zaur İmrani “Qarabağ və ətraf rayonlara dəyən sosial-iqtisadi, ekoloji ziyanların qiymətləndirilməsi”,  “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri Çingiz İsmayılov “Ekoloji pozuntulara məruz qalmış rayonlarda ərazi planlaşdırılma proqramlarının  hazırlanması” mövzularında məruzə ilə çıxış ediblər.

 

Çıxışlarda Qarabağ landşaftlarının dağıdılması, ekoloji fəsadları, deqradasiyaya uğraması, dağ massivlərində və dağətəyi mayili düzənliklərdə landşaftların şaquli diferensasiyası, əsas landşaft vahidlərinin ekoloji xüsusiyyətlərinin CİS texnologiyasının tədbiqi ilə təhlil edilməsi, son 25-30 ildə müasir landşaftların dinamikasında baş verən mühüm dəyişikliklər, regionun geoloji, geomorfoloji, litoloji, hidrogeoloji xüsusiyyətləri, işğaldan azad olan ərazilərin münbit torpağı, su ehtiyatları, meşə örtüyü, su hövzələrinin çirklənməsi, landşaft infrastrukturunun yenidən qurulması kimi məsələlərdən bəhs edilib.

 

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində 500 milyard dollar qiymətli təbii ehtiyatlara, 32 milyard dollar isə ətraf mühitə ziyan vurulub.

 

Seminar elmi məruzələrin müzakirəsi ilə davam edib. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 



28.11.2020 | 12:33