İğdır Universitetinin rektoru NDU-da olub

Türkiyənin İğdır şəhərində yerləşən İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

İkitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev, İğdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma, rektor köməkçisi və fənn ədəbiyyat fakültəsinin dekanı, professor İbrahim Demirtaş, ziraat fakültəsi dekanı, professor Veli Uygur, Yapı işləri və Teknik Dairə Başkanı Nedim Duman iştirak edib.

 

E.İsayev ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmaqla əlaqələndirib.

 

Görüşdə elm-təhsil sahəsində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər hazırlamaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

 

Sonra tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən bu fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrə bu ixtisas üzrə həm nəzəri, həm də  təcrübi dərslərin keçirilməsi üçün fakültədə  hər cür şərait mövcuddur. Yaradılan şəraitin nəticəsidir ki, bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır.

 

Labarotoriyalarda olan qonaqlar fitoterapiya və apiterapiya sahəsində NDU ilə gələcək əməkdaşlığın perspektivləri və ortaq layihələrlə bağlı müzakirələr aparıblar.

 

Universitetin xəstəxanası, həmçinin pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Texnologiya Mərkəzi - Toxuma və tikiş kabinəsi, Xalçaçılıq,  Kulinariya mərkəzi,  Ağac emalı və metalkəsmə emalatxanası, yeni yaradılan  Atıcılıq mərkəzi ilə tanış olan qonaqlar   burada yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.    

 



29.11.2020 | 10:30