“Sabahın tədqiqatçıları” cari tədris ilində də elmi tədqiqat aparacaqlar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, muxtar respublikada təhsil infrastrukturu yenilənib, müasir tipli yeni məktəb binaları inşa edilib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılıb. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, elektron lövhəli siniflərin, kompüter otaqlarının və fənn kabinələrinin yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan verib.

 

Bildirilib ki, istər ümumtəhsil məktəblərində, istərsə də elm və ali təhsil müəssisələrində yaradılan yüksək tədris şəraiti, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar bir sıra layihələrin, o cümlədən “Sabahın tədqiqatçıları” layihəsinin tətbiqinə geniş imkanlar yaradıb.

 

“Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində ötən il görülən işlərdən danışan Təhsil naziri vurğulayıb ki, burada əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin aşkar edilməsidir.

 

Qeyd olunub ki, 2019-2020-ci tədris ilində həyata keçirilən layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək, ümumilikdə 27 elmi rəhbərin və 50 şagirdin iştirakı ilə Naxçıvan üçün əhəmiyyətli olan 30 layihə üzrə tədqiqatlar aparıblar.

 

Vurğulanıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilib və 1-ci yerə layiq görülüb.

 

Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilib. Layihədə iştirak edəcək 50 şagird 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaq. Bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına bir töhfə olacaq.

 

AMEA Nax­çıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, keçən dövr ərzində dünyada ciddi pandemiya yaşansa da, bütün layihələrin icrası başa çatdırılıb. Layihələrdən 4-ü beynəlxalq, eləcə də respublika əhəmiyyətli müsabiqə və tədbirlərdə uğur qazanıb; Qorxmaz Hüseynov, Fizzə Məmmədova, Əfruz Nəsirova, Zülfiyyə İsmayılın rəhbərlik etdiyi layihələr müxtəlif medal, diplom, sertifikat və Fəxri Fərmanlara layiq görülüb.

        

Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2019-2020-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunmuş sərgiyə baxış keçirilib, layihənin ötənilki fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib.

 

Sonda şagirdlər tədqiqat işlərinə uyğun müxtəlif təcrübələr aparıblar.

        

 



29.11.2020 | 11:41