Hindistanlı müəllim 1 milyon dollar qazandı

Hindistanlı müəllim Ranjitsinqx Disail "Global Teacher Prize 2020" mükafatına layiq görülərək bir milyon dollar qazanıb. Disail dərhal 1 milyon dollarlıq mükafatın yarısını digər doqquz finalçı ilə bölüşəcəyini açıqlayıb. Bu o deməkdir ki, İtaliya, Nigeriya və Cənubi Koreya da daxil olmaqla, digər ölkələrdən olan doqquz finalçının  hər birinə 55 000 dollar veriləcək. Mükafat tarixində bu cür səxavət ilk dəfə qeydə alınıb.

 

R.Disail Varki Fondu tərəfindən təsis edilmiş və Birləşmiş Millətlər Təşkilatının   Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə birgə təqdim olunan mükafatın altıncı laureatıdır.
Müsabiqənin münsiflər heyətinin etirafına görə, bu pedaqoq yerli uşaqların təhsil şəraitini dəyişməyi bacarıb ki, əlverişsiz hind ailələrindən olan qızlar məktəbə gedib inkişaf edə bilsinlər, erkən evliliklərin qurbanı olmasınlar.

 

Otuz yaşlı müəllim qeyd edib ki, qlobal koronavirus pandemiyası cəmiyyətlər üçün təhsilin vacibliyini göstərib. "Bu çətin dövrdə müəllimlər hər bir şagirdin yaxşı təhsil almaq hüququna sahib olması üçün əllərindən gələni edirlər",-deyə o bildirib.

 

Hazırda Hindistanda 9,5 milyondan çox koronavirus xəstəsi qeydə alınıb ki, bu da ABŞ-dan sonra dünyada ikinci ən böyük haldır. R.Disail əlavə edib ki, bütün müəllimlər “şagirdlərinin həyatını dəyişən əsl əvəzedicilər”dir və məhz bu ruhda o, qazandığı mükafatı digər finalçılarla bölüşdüyünü deyib.

 

12 min müəllim arasında birinci

 

R.Disail dünyanın 140 ölkəsindən 12 min müəllim içərisindən finala yüksələrək "Nobel mükafatı" kimi qiymətləndirilən ən nüfuzlu nominasiyanın qalibi olub.

 

O, 2009-cu ildən Hindistanın qərbində yerləşən Maxaraştra ştatının Solapur şəhəri yaxınlığındakı  Zilla Pərişad ibtidai məktəbində müəllimliyə başlayıb. Həmin dövrdə məktəb mal-qaranın yaxınlığındakı binada yerləşirdi. Məktəbə uşaqlar az gəlirdi və yeniyetmələr arasında evlilik adi bir hadisə idi. Tədris proqramı hətta qızların, öz ana dilində (kannada) deyildi. R.Disail kəndə köçərək həm dil öyrənib, həm də dərslikləri  bu dilə tərcümə edib. Həmçinin rəqəmsal təlim vasitələrini təqdim edib və hər tələbə üçün fərdiləşdirilmiş proqramlar düşünüb. Onun QR kodlu dərslik sistemi hazırda bütün Hindistanda istifadə olunur. Təşkilatçıların sözlərinə görə, hazırda məktəbdə iştirak 100 faizdir və bu kənddən olan bir qız artıq universiteti bitirib.

 

Disail öz evində virtual dərsləri yayımlayan bir laboratoriya təşkil edib. Hər yay o, bütün Hindistanın Maharaştra ştatından olan 16 mindən çox müəllimə rəqəmsal texnologiyaları öyrətmək üçün mühazirələr oxuyur.

 

UNESCO-nun təhsil üzrə baş direktorunun köməkçisi Stefania Cannini qeyd edib ki,  Disail kimi müəllimlər daha dinc və ədalətli cəmiyyətlər quracaqlar. "Ranjitsin Disail kimi müəllimlər bərabərsizliyi aradan qaldıracaq və iqtisadi artıma töhfə verəcəklər",-deyə S.Cannini bildirib.

 

Qeyd edək ki, "Global Teacher Prize" mükafatı görkəmli müəllimlər və onların bu peşəyə verdiyi töhfəni qiymətləndirmək üçün yaradılıb.
 

Oruc MUSTAFAYEV



05.12.2020 | 10:10