AzTU və MDU-nun birgə nəzəri-praktiki seminarı keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informasiya texnologiyaları sənayesinin artan rolu” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

 

MDU-dan bildirilib ki, Zoom platforması üzərindən online formatda təşkil olunan seminarda universitetin rektoru Şahin Bayramov AzTU-nun 70 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının kollektivinə və tələbələrinə uğurlar arzulayıb.

 

Rektor daha sonra ölkəmizdə informasiya cəmiyyətinin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

 

İki universitet arasında əməkdaşlıq çərçivəsində təşkil olunan nəzəri-praktiki seminarın mövzusunun aktuallığından bəhs edən AzTU-nun rektoru Vilayət Vəliyev müasir dövrdə innovativ inkişafın təmin olunmasında informasiya texnologiyalarının davamlı artan rolundan və informasiya-kommunikasiya texnologiyaları üzrə yüksək ixtisaslı kadr hazırlığı sahəsində ali təhsil müəssisələri qarşısında dayanan vəzifələrdən danışıb.

 

Sonra MDU-nun mühəndislik fakültəsinin dekan əvəzi, dosent Almaz Əliyeva “İnformatika – informasiya texnologiyaları sənayesinin əsas bazası timsalında”, AzTU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, dosent Zəfər Cəfərov “İnformasiya texnologiyaları ixtisası üzrə kadr hazırlanmasında təhsil standartlarının rolu”, MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva “İnformasiya texnologiyaları üzrə kadr hazırlığı: reallıqlar və perspektivlər” mövzularında məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə informasiya cəmiyyətinin inkişafının müəllim və tələbələr qarşısında yaratdığı yeni çağırışlar, informasiya texnologiyaları sənayesinin yüksək ixtisaslı kadrlarla təminatının müasir xüsusiyyətləri, müvafiq ixtisaslar üzrə təhsil standartlarının mövcud vəziyyəti, kadr hazırlığının məzmununun təkmilləşdirilməsi imkanları və digər məsələlər haqqında ətraflı məlumat verilib.

 

Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə seminar sualların cavablandırılması, AzTU və MDU arasında gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə başa çatıb.

 



05.12.2020 | 11:13