Naxçıvan Bölməsində 2020-ci ilin yekunlarının müzakirəsi

Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev  il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Bildirib ki, cari ilin tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Əsərlərdən 174-ü xaricdə nəşr olunub. 57 elmi mə­qa­lənin impakt faktorlu jur­nallarda çapdan çıxdığını deyən alim elmi əsərlərin keyfiyyət göstəricilərinin daha da yüksəldiyini vurğulayıb.  

 

İ.Hacıyev qeyd edib ki, Babək, Culfa və Ordubad rayonları ərazisin­də “İlan­dağ” geoparkının əra­zi­­sinin ümumi, geoloji, geomorfoloji, landşaft, ta­rix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeolo­ji abidə, 32 geositin ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Geopark ərazisinin kompleks qiy­mət­ləndirilməsi, nadir geoloji, geo­morfoloji, canlı təbiət, tarix-memarlıq və ar­xeoloji ob­­­yektlər barədə məlumatları cəm­ləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılan materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.

 

Bölmənin Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov Naxçıvan Bölməsinin 2020-ci ildəki fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi isti­qamətdə 6 prоblemi əhatə edən 38 iş 97 mərhələdə ye­rinə yetirilib. AMEA Naxçıvan Bölməsindən seçilən 2 nəfər akademik və 7 nəfər müx­bir üz­vün il ər­zin­də 100 əsəri, o cümlədən 6 mono­qra­fiyası, 3 kitabı, 1 dərslik, 1 metodik vəsait, 65 elmi mə­qa­­ləsi, 24 kon­frans ma­terialı çap­dan çıxıb.

 

Bölmənin istehsalyönümlü fəaliyyətinə diqqət çəkən məruzəçi vurğulayıb ki, cari ildə Qabıllı və Duzdağdan gətirilmiş gil nümunə­lərinin tərkibləri müəyyən edilib, onlardan palçıq və toz şəklində yuyucu vasitə isteh­salı üçün hazırlıq işləri həyata keçirilib. Şorsu pal­çığının quru və palçıq formasında istehsalı davam etdirilib, Biləv alüminium süxurundan müəyyən miqdarda kalium alüminium zəyi alınaraq qablaşdı­rılıb.

          

O qeyd edib ki, Biokimyəvi tədqi­qat­lar laboratoriyasında artıq gülab istehsalına başlanılıb. Bununla yanaşı, gələcəkdə laboratoriyanın imkanlarından istifa­də etməklə nanə cövhəri, çaytikanı, kək­liko­tu, yovşan, raziyanə, çöl nanəsi, üzərlik yağlarının istehsalı da planlaşdı­rılır.

 

Bildirilib ki, əməkdaşlar cari il ərzində Vikipe­di­ya açıq en­si­klo­pediyasında 20 yeni mə­qalə yerləşdirib, 5 yeni şablon yaradıb və 50-dən çox məqalə üzərində redaktə işləri aparıblar.

 

Naxçıvan Bölməsinin 20-dən çox elm və təhsil mər­kəzi ilə səmərəli əmək­daş­lıq etdiyini diqqətə çatdıran O.Bağırov deyib ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird Bölmə alimləri tərəfindən hamiliyə götürülüb, fərdi və kollektiv tədqiqatlara cəlb edilərək uğurlu nəticələr əldə edib. Bölmənin 6 əmək­daşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, diplom və medallar qazanıblar.  

 

Bölmənin Elmi kitabxanası­nın kitab fonduna 1074 ədəd ki­tab daxil edilib, 310 adda kitab və 414 ədəd avtorefe­rat elek­tron kata­loq­­laşdırılıb. Elek­tron kartoteka­lara 1575 ədəd qəzet və jurnal məqa­lə­lə­rinin bib­lio­qrafik təsviri daxil edilib, tarixi və əlamət­­dar günlər mü­nasi­bəti ilə 6, yeni kitablara dair 10 sərgi təş­kil olun­ub. 5 sərgi virtual rejim­də oxu­culara təqdim edilib.

 

Daha sonra Bölmənin Rəyasət Heyətinin üzvləri, professor Hacıfəxrəddin Səfərli, akademik Tariyel Talıbov və professor Əbülfəz Quliyev hesabatı qənaətbəxş qiymətləndirib və qəbul olunmasını təklif ediblər.

 

Sonda Bölmənin əməkdaşları – Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, dosent Pərviz Fətullayev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif olunublar.

 



17.12.2020 | 17:06