MDU-da elmi-praktik konfrans keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) X elmi-praktik konfransı keçirilib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən konfransda rektor Şahin Bayramov son dövrdə MDU-da tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib. Bildirib ki, tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində elmi tədbirlərin əhəmiyyəti böyükdür və bu istiqamətdə universitetdə işlər aparılır.

 

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

 

Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Çingiz Çingizzadə “Qarabağın iqtisadi potensialı”, Xanımtər Vəliyeva “Qarabağın dağıdılmış və məhv edilmiş tarixi abidələri”, Anar Quliyev “Qarabağın sənaye potensialı və onun perspektiv inkişaf imkanları”, pedaqoji fakültənin tələbələrindən Alsu Məmmədova “Törəmənin cəbri xarakterli bəzi məsələlərin həllinə tətbiqi”, Xədicə Abdullayeva “Müzəffər Azərbaycan ordusu və hərb tarixindən gələn səslər”, mühəndislik fakültəsinin tələbələrindən Salatın Rəhimova “Kompüter oyunlarının zərərləri və faydaları”, Leyla Əlipaşayeva “Dərman vasitələrinin ekoloji təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Sonra müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

Elmi-praktik konfransda tələbələrin cəmiyyətin aktual inkişaf problemləri, Vətən müharibəsində əldə olunan şanlı qələbəyə və işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafı ilə bağlı tədqiqatlara böyük maraq göstərməsi yüksək qiymətləndirilib.

 

Sonda Ş.Bayramov tələbələrin elmi fəaliyyətinin genişləndirilməsi istiqamətində MDU tərəfindən bütün zəruri dəstək tədbirlərinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

 



23.12.2020 | 10:18