Süni intellektli müəllim

Daha bir tədris ili başa çatır. Uşaqlar qarşıdakı tətilin sevincini yaşayırlar. Ancaq vaxt gələcək şagirdlər və tələbələr bir anlıq belə müəllimlərindən ayrı qalmayacaqlar. Məktəbdəki müəllimləri deyil, gələcəkdə onları əvəzləyəcək süni intellekti nəzərdə tuturuq.

 

Futuroloqlar ehtimal edirlər ki, təqribən 10 ildən sonra təhsil almaq qeyri-adi və çətin bir iş olmayacaq. Xüsusi proqramı alıb planşetinizə yükləmək kifayətdir: sizin müəlliminiz artıq süni intellektdir. Təqribən bu vaxtdan etibarən təhsil almaq sanki maraqlı bir kitab oxumaq kimi adiləşəcək.

 

“Microsoft” şirkəti Çin dilini öyrənmək üçün xüsusi müəllim-proqram hazırlayıb. Proqram çatdan ibarətdir, müəllim-bot suallar verir, cavablandırırsınız və bunun əsasında süni intellekt sizin imkan və qabiliyyətinizə uyğun tədris-plan hazırlayır. Rəqəmsal müəllimin dialoq bacarığını əlavə edilmiş interfeys təşkil edir. Asiyada bunun oxşarı olan daha bir messencer artıq fəaliyyət göstərir və “Wechat” adlanır.

 

Texnologiyaların inkişafı avtomatik olaraq təhsili də dəyişir, getdikcə oxumaq daha asan olur. ABŞ-da servislər var ki, şagirdlərə ev tapşırıqlarını tez etməyə köməklik göstərir. Belə demək mümkündürsə, dərslik və referatlara ehtiyac getdikcə itir. Hər hansı bir mövzuya dair internetdə minlərlə məlumat mənbəyi var.

 

Rəqəmsal müəllim

 

Maraqlısı budur ki, indi tək oxuyanların deyil, dərs deyənlərin - müəllimlərin də köməkçi süni intellektləri var. Köməkçi botlar vasitəsilə müəllimlər xüsusi yaradılmış çatlarda tələbə və şagirdlərinə “dərs deyirlər”. Corciya Universitetinin müəllimi, professor Aşok Qoelin köməkçi-botunun adı Cil Uotsondur. Qoel ona hər mövzuya dair çoxsaylı məlumat yükləyib. Bunun hesabına Uotson tələbələrə ayrıca tədris kanalında dərsi başa salır, hətta smartfonda dərsdənkənar məşğələlər də keçir. Bu gün Uotson kimi botlar dünyanın əksər aparıcı universitetlərində mövcuddur.

 

Massaçusets Universitetində “MİT Media Lab” tərəfindən yaradılmış “Tera” adlı robot hər bir tələbəyə fərdi yanaşma nümayiş etdirə bilir. Məsələn, planşetə yüklənmiş proqram var ki, tələbələr “Tera”nın köməkliyi ilə ispan dilini öyrənirlər. “Tera” müəllim qismində çıxış etmir, o da tələbələrdən “biridir”. Onlara kömək edir, həvəsləndirir, hətta tapşırıqlar maraqlı olmayanda onlarla birlikdə “darıxır”.

 

Ümumiyyətlə, əcnəbi dilinin öyrənilməsi üçün müxtəlif  belə proqramlar mövcuddur. Müasir servislər bu istiqamətdə yeni-yeni kəşfləri sınaqdan çıxarırlar. Məsələn, “Duolingo” proqramı xarici dillərin öyrənilməsi üçün öz botunu təklif edir. Tələbə, yaxud şagird çat-bota suallarını verir və dərhal da cavab alır. Bu, bilirsiniz kimlər üçün yaxşı yenilikdir? Dili öyrənib təcrübə sarıdan əziyyət çəkənlər üçün. Təcrübə lazımdır? Buyur, nə qədər istəyirsən ünsiyyətdə ol.

 

Bu yeniliyin bazarda az öncə peyda olmasına baxmayaraq, hesab edilir ki, qısa zamandan sonra onlar da repetitorlar kimi tarixə qovuşa bilərlər. Niyə? Ona görə ki, elm və texnologiya çox sürətlə inkişaf edir və sabah daha mükəmməlinin peyda olacağı gün kimi aydındır. İnsanın mükəmməl təhsil alması üçün çat tipli robotların mövcudluğu yetərli deyil. “Microsoft”un dillərin öyrənilməsi üçün hazırladığı “Parla” proqramı bu istiqamətdə bir yenilik sayıla bilər. “Parla”nı müəllimin “rəqəmsallaşması” istiqamətində ilkin addım da hesab edirlər. Xüsusi texnologiya şagirdin savadını analiz edir və onun qabiliyyətinə uyğun proqram hazırlayır. Alqoritmin müəllifləri hesab edirlər ki, proqram şagirdlərə verilmiş suallar, onlardan alınan cavablar və buraxılmış səhvlərə əsaslanaraq hər bir kəsə fərdi yanaşmaya nail ola bilər. “Microsoft” və “Parla” tədavülə yeni terminin daxil olmasına da şərait yaradıb: “Cib müəllimləri”.

 

Robotlar problem həll etməyə gəlir

 

Süni intellekt meydana çıxandan insan haqlı şəkildə qorxmağa başlayıb: o, ya mən? Robotlar işimizi əlimizdən alacaq, ya yox? “Forbes” jurnalının yazdığına görə, “Bot.Me: A Revolutionary Partnership”in araşdırmasında iştirak edənlərin 63%-i pozitiv düşünür. Onların fikrincə, alqoritmlər bizə bir çox problemimizin həllində kömək edəcəklər. Əgər biz təhsildən danışırıqsa, söhbət hansı köməkdən gedir?

 

1. Savadlı müəllim çatışmazlığı. İnkişaf etməkdə olan ölkələrdə ixtisaslı müəllimlərin azlığı problemi xüsusilə qabarıq büruzə verilir. “PİSA 2009”-a görə, Braziliyada müəllimlərin üçdəbiri orta məktəbi güc-bəla ilə bitirib. Meksikada müəllimlərin 70%-i “Müəllimlərin milli yoxlanışı”ndan keçə bilməyib. Çin, Yaponiya, Hindistan kimi çoxmilyonlu ölkələrdə də müəllim çatışmazlığı var.

 

Savadlı müəllim azlığı problemin bir tərəfidir. İkinci tərəf ondan ibarətdir ki, orta və ali məktəblərdə şagird və tələbələr verilmiş tapşırığı eyni dərəcədə dərk və əxz edə bilmirlər. Kimisi elə birinci dərsdə anlayır, kimisi üçün ən azı 5 dərs lazımdır ki, mənimsəsin. Riyaziyyat üzrə onlayn-platforma olan “Third Space Learning”in müəllifləri elə bir alqoritm hazırlayıblar ki, şagird və tələbələrin müəllimlə münasibətlərini analiz edib nəticə verir. Hesab edilir ki, bu alqoritm dərsləri fərdiləşdirərək geridə qalan şagird və tələbələrin öndə olanların səviyyəsinə çatmasına kömək edəcək.

 

2. Əlçatan təhsil. Aydındır ki, yoxsul ailələrin uşaqlarının universitetdə oxumaları, repetitor xidmətindən istifadə etmələri bir çox halda mümkünsüzdür. 2003-cü ilin statistikasına görə, Latın Amerikasında 4-17 yaşlarında 23 milyon uşaq tam təhsilsiz olub. 4-5 yaşlı uşaqların 30%-i məktəbə ayaq belə basmayıb ki, lap imkansız ailələrin bu yaş qrupu uşaqları üçün göstərici 40% olub.

 

Ucqar bölgələrdə yaşayan əhalinin kasıb qisminin uşaqlarının məktəbə getmək üçün heç bir imkanı yoxdur. Yenə də Latın Amerikasında 13-17 yaşlı uşaqların yalnız 60%-i orta məktəbə gedir. İlkin məktəbə dair göstərici 14%-dir. “World Economic Forum 2008”-in məlumatına görə, Braziliyada uşaqların 41, Meksikada isə 35%-i orta məktəbi sonadək oxuya bilir.

 

Son 2-3 ildə də bu göstəricilər köklü dəyişikliyə uğramayıb. İndinin özündə də Latın Amerikasında 15-24 yaşlı 20 milyondan çox gənc nə oxuyur, nə də işləyir. 2016-cı ilin statistikasına əsasən, Latın Amerikasındakı gənclərin 70%-i məktəb təhsilini başa vurmur. Bu baxımdan istisna deyil ki, meydana çıxan alqoritmlər bu problemin tam da olmasa, qismən aradan qaldırılmasına köməklik etsin. Çünki belə süni intellekt tək dilləri deyil, digər elmləri də “tədris edə” bilər.

 

3. Fərdiləşmə. RAND korporasiyasının “Melinda və Bill Qeyts Fondu” üçün hazırladığı hesabatda iddia edilir ki, “cib müəllimi”ndən istifadə edən uşaqlar təhsil sahəsində adi müəllimlə məşğul olan həmyaşıdlarından qabağa getməyə müvəffəq olublar. Hər bir şagirdə, yaxud tələbəyə fərdi yanaşma hesabına dərs tez əxz olunur və hamı tərəfindən başa düşülür.

 

Əfsanəvi Robin Uilyamsın “Ölü şairlər cəmiyyəti” filmini xatırlayırsınız? Adətən ən yaxşı müəllim o müəllimdir ki, hər bir tələbəsinə fərdi yol, cığır tapa bilir. Yaxşı pedaqoq yalnız kitabdan oxumur, yaxud mühazirəni diktə edib getmir. O, auditoriyada maraq oyadır. Universitet və məktəblərdəki hazırkı təhsil sistemi müəllimin bir uşağa və ya gəncə nisbətən çox vaxt ayırmasına imkan vermir. Siniflərdə 30 və daha çox uşaq təhsil alır. Əgər müəllim hər bir nəfərə fərdi yanaşsa, bir məktəb üçün yüzlərlə, minlərlə müəllim lazım olar. Odur ki, bu gün müəllimlərin elektron köməkçiləri və çat-botları prosesi xeyli asanlaşdırır. Süni intellektli müəllimin əsas vəzifəsi hər kəsə fərdi yanaşma tətbiq etməklə onun imkan və qabiliyyətlərini üzə çıxarıb xüsusi proqramı işə salmaqdır.

 

Onlar artıq həyatımızdadır

 

“Bot.Me: A Revolutionary Partnership PwC”nin keçirdiyi, texnoloji ekspertlərin və biznes-menecerlərin respondent olduqları sorğuda belə bir sual qoyulub: yaxın illərdə hansı peşələr süni intellektlə əvəzlənəcək? 58% hesab edir ki, qarşıdakı 5 ildə təhsil ocaqlarında yazı taxtası qarşısında görməyə alışdığımız şəxsi - müəllimi robotlar əvəz edəcək. Smartfonda “elektron müəllim”lərin peyda olması təhsilin bir çox probleminin həll edilməsinə səbəb olacaq.

 

2014-cü ildə bütün dünya üzrə 780 milyon nəfər tam təhsilsiz idi. Alqoritmlər heç bir təhsil müəssisəsi olmadan tam pulsuz şəkildə milyonlarla insana savad verə bilər. Süni intellektli müəllimlər artıq həyatımızdadırlar, düzdür, hələlik ənənəvi müəllimlərə yardımçı qismində. “Melinda və Bill Qeyts Fondu”nun araşdırmalarına görə, Amerikada yalnız 17 məktəbdə uşaqların yarısı “elektron müəllim”lərin xidmətlərindən istifadə edir. Söhbət kifayət qədər varlı Amerika cəmiyyətindən gedir. Odur ki, yaxın 5-10 ildə təhsil sisteminin canlı müəllimlərsiz ötüşməyəcəyi yəqindir. Ancaq texnoloji inkişafın sürəti onu da göstərir ki, pilotsuz avtomobillərin yollarımızda peyda olma ehtimalı nə qədər güclüdürsə, süni intellektli müəllimlərin də savad problemi ilə məşğul olacaqları gün bir o qədər yaxındadır.

 

Rüstəm QARAXANLI

 



08.06.2018 | 11:35