Avropa İttifaqı peşə təhsilindəki dəyişikliklərdən razıdır

Avropa İttifaqı 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatını dərc edib. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildirib. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.

 

Avropa şirkətləri niyə razıdır?

 

Bu dönüşün səbəbi nədir? Avropa  şirkətlərinin fikrini bir ildə nə dəyişdi?

 

Məlumdur ki, Azərbaycanda peşə təhsili və təlimi üzrə bir sıra tədbirlər reallaşdırılıb. 2016-cı ildən başlayaraq, bu istiqamətdə ciddi addımlar atılır.

 

Məsələn, elə həmin il yaradılan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi bu sahənin inkişafında həyata keçirilən tədbirlərin bir mərkəzdən idarə olunmasına gətirib çıxardıb.  Peşə təhsili sahəsində real bazarın tələblərinə uyğun daha  çevik  idarəetmə  mexanizmi  yaradılıb.

 

Dövlət başçısının Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunub. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.

 

Nəhayət, bu il aprelin 24-də “Peşə təhsili haqqında” qanun Milli Məclis tərəfindən qəbul edilib. Qanunun qəbulu bu sahədə işlək mexanizmin yaradılmasına xidmət edir.

 

Bundan əlavə, 70 ixtisasın təhsil proqramları (kurikulumları), o cümlədən 159 yeni modul/dərsliklər hazırlanıb, 200-dən çox müəllim kurikulumların hazırlanması, pedaqogika və didaktika üzrə təlimlərə cəlb edilib, 20-dən çox ölkənin peşə təhsili sahəsində təcrübəsi öyrənilib. Həmçinin 10-a qədər beynəlxalq və yerli layihədə xarici və yerli ekspertlərlə, o cümlədən vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıq həyata keçirilib.

 

Rasionallaşdırma və optimallaşdırma tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb. 21 peşə təhsili müəssisəsinin bazasında 10 Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı təklif hazırlanıb.

 

Turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi açılıb, Koreya modeli əsasında sənaye və innovasiyalar sahəsində 8 ixtisas üzrə tədris aparılacaq peşə təhsil mərkəzinin tikintisinə başlanılıb. Regionlarda fəaliyyət göstərən 1000-dən çox sahibkarlıq subyektləri ilə əməkdaşlıq müqavilələrinin imzalanması da bu tədbirlərdəndir.

 

Nədən narazıdırlar?

 

Sadalananlar peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən sadəcə bir neçəsidir. Bu tədbirlər göstərir ki, ölkədə sistemli xarakter daşıyan təhsil siyasəti həyata keçirilir. Ancaq məsələ bununla bitmir.

 

Məlumdur ki, investisiya qoyuluşuna dair qərara təsir göstərən faktorlardan biri kimi əmək bazarının potensialı göstərilir. Avropa İttifaqının hesabatında vurğulanıb ki, ixtisaslı  işçi qüvvəsinin çatışmazlığı  investisiya qoyuluşuna böyük əngəl törədə bilər. Bu il Avropa İttifaqı şirkətlərinin işçi sayını artırmaq planları fonunda işçi qüvvəsinin peşəkarlığının artırılması hər zamankından daha önəmlidir. Əmək bazarı göstəricilərindən işçilərin ixtisas və bacarıqları, məhsuldarlığı, o cümlədən əməyin dəyərinə immiqrasiya siyasətləri bu il ortalama gostəricidən daha yaxşı qiymətləndirilib. Təhsil və peşə təliminin keyfiyyətinə dair fikirlərdə 2017-ci illə müqayisədə müsbət irəliləyiş olsa da, onlar aşağı səviyyədən başlayır və bu səbəbdən Azərbaycandakı Avropa  şirkətləri tərəfindən aşağı qiymətləndirilirlər.

 

Hesabatda ixtisaslı kadrların mövcudluğu 2018-ci ildə nəzərəçarpan mənfi dəyişikliyin müşahidə olunduğu ikinci biznes göstəricisi kimi dəyərləndirilib. Aİ şirkətlərinin 37 faizi üzləşdikləri problemlərin birinin məhz bu amillə - ixtisaslı kadr çatışmazlığı ilə izah edib. Ötən il olduğu kimi, bazarda ixtisaslı kadr çatışmazlığından ən çox şikayət edən Aİ şirkətləri peşəkar, elmi və texniki  fəaliyyət sahələrini  əhatə  edib.

 

Bununla belə, ixtisaslı kadr çatışmazlığı hələ ki, Aİ şirkətlərinin investisiya qərarlarına, işəgötürmə planlarına, yaxud öz şirkətlərinə dair qısamüddətli planlarına mənfi təsir göstərmir. Bu da onunla izah oluna bilər ki, region daxilində alternativ investisiya məkanlarında mühüm bacarıqlara malik kadrların mövcudluğu ilə bağlı çətinlik artır.

 

Hesabatda çıxış yolu da göstərilir

 

Təhsil və ixtisaslaşma səviyyəsi əmək bazarının keyfiyyətini müəyyənləşdirən əsas faktorlardır. Başlanılan islahatların nəticə verməsi uzunmüddətli proses olduğundan bu sahənin inkişafı üçün şirkətlərin ehtiyaclarını daha yaxşı ödəyən yüksək keyfiyyətli və hərtərəfli təhsil sisteminin və peşə təlimi proqramlarının hazırlanmasına özəl sektorun cəlb edilməsi mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə, Avropa şirkətləri PTT üzrə Yol Xəritəsinin uğurla həyata keçirilməsi istiqamətində dövlət və özəl sektor arasında  dialoqu dəstəkləməyə hazır olduqlarını bildirirlər.

 

Ruhiyyə DAŞSALAHLI

 



08.06.2018 | 12:30