NDU ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında müqavilə imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Qars Qafqaz Universiteti arasında görüş keçirilib.

 

Tədbirdə NDU-nun rektoru Elbrus İsayev ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə toxunub, iki dövlət arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Rektor Qarabağ məsələsində tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq qeyd edib. Universitetlərarası əlaqələrə toxunan E.İsayev Türkiyə universitetləri ilə NDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı düşmən üzərində qazanılan qələbəni bütün Türk dünyasının birliyi,  zəfəri adlandırıb və bu münasibətlə hər kəsi təbrik edib.  Daha sonra əməkdaşlığa dair təkliflər müzakirə olunub.

 

Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar aparmaq və nəşrlər hazırlamaq, elmi toplantılar, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışlarının təşkili məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, mədəniyyət və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

 

Sonda hər iki universitet arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

 



18.01.2021 | 17:42